Türkiyənin qida sənayesində fəaliyyət göstərən “Şölen Çikolata” şirkətinin Qaziantep şəhərində yerləşən yeni istehsal müəssisəsinin açılış mərasimi keçirilib.
FED.az xəbər verir ki, baş tutan tədbirdə Türkiyə və digər ölkələrdən biznes nümayəndələri, tərəfdaş şirkətlərin rəhbərləri və dəvətli qonaqlar iştirak ediblər. Açılış mərasimində Veysəloğlu Şirkətlər Qrupunun nümayəndə heyəti də iştirak edib.
Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş direktor Aydın Veysəloğlu, “Veysəloğlu Distribusiya”nın İdarə Heyətinin sədri Bəxtiyar Allahverdi, eləcə də “Şölen” brendinin Azərbaycandakı rəsmi tərəfdaş nümayəndəsi Mustafa Sağlam təmsil ediblər.
“Veysəloğlu” nümayəndə heyəti “Şölen” şirkətinin İdarə Heyətinin sədri İsmayıl Çoban və şirkətin baş direktoru Ərdoğan Çoban tərəfindən qarşılanıb. Görüş zamanı tərəflər arasında mövcud əməkdaşlıq, Azərbaycan bazarında tərəfdaşlıq əlaqələrinin inkişafı və gələcək biznes imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Şölen”in Qaziantepdə istifadəyə verdiyi yeni müəssisəyə 100 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. Sənaye 4.0 texnologiyaları əsasında qurulan zavodda istehsal və logistika proseslərinin avtomatlaşdırılması nəzərdə tutulub.
“Veysəloğlu” nümayəndə heyətinin tədbirdə iştirakı Azərbaycan və Türkiyə biznes dairələri arasında qarşılıqlı əməkdaşlığın inkişafına verilən önəmin ifadəsi kimi dəyərləndirilə bilər.















