Bu ilin yanvar ayında Azərbaycandan 3 milyon 782 min dollar həcmində 5 min 878 ton şəkər ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2,4 milyon dollar və ya 2,7 dəfə, miqdar ifadəsilə isə 3 min 754 ton, başqa sözlə 2,8 dəfə çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycandan 1 milyon 404 min dollar dəyərində 2 min 124 ton şəkər ixrac olunmuşdu.
Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi şəkərin 1 kiloqramının orta ixrac qiyməti 0,64 dollar (təxminən 1 manat 9 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 0,66 dollar (təxminən 1 manat 12 qəpik) idi. Bu da illik müqayisədə 3,1% ucuzlaşma deməkdir.
Bu il yanvar ayında ümumi ixracın 0,17%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,41%-i şəkərin payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,05% və 0,57% olmuşdu.











