Azərbaycanın meyvə-tərəvəz ixracında Rusiya ənənəvi və ticarətçilərin yaxşı tanıdığı bazar olmuş, uzun illər kənd təsərrüfatı məhsullarının böyük hissəsi bu bazara yönəldilmişdir.
Rusiyadan Azərbaycana «şaftalı cəzası» – Meyvədə "çox təhlükəli bakteriya" tapdılar
Azərbaycanın kənd təsərrüfatı məhsullarını Rusiya bazarına ixrac etməsi ölkə üçün mühüm gəlir mənbələrindən biri idi. Son on ildə meyvə-tərəvəzin ölkəmizdən Rusiyaya ixracı artan dinamika göstərərək 2015-ci ildə 215 milyon ABŞ dollarından 2024-cü ildə 360 milyon dollara qədər çatmışdır.
Rusiyaya aktiv ixrac olunan əsas məhsullara pomidor, gilas, nar, çiyələk və kartofu nümunə göstərmək olar. Bu illərdə qeyd olunan məhsulların ixracı demək olar ki, 2 dəfə, çiyələyin ixracı isə 3 dəfə artmışdır.
2015-ci ildə 120,0 min ton pomidor ixrac edildiyi halda, bu rəqəm 2024-cü ildə 195,0 min ton, digər meyvələrdə də müvafiq ixrac göstəriciləri narda 42 min ton və 95 min ton, gilasda 15 min ton və 33 min ton, çiyələkdə 5 min ton və 17 min ton, kartofda isə 25 min ton və 43 min ton təşkil etmişdir.
Lakin bu bazardan asılılıq bir çox risklər daşıyır. Bu riskləri təhlil etdikdə görürük ki, istehsalçı fermerlərimiz və ticarətçilərimiz bu istiqamətə ixracla bağlı mümkün ola biləcək bütün risklərlə qarşılaşırlar. Hal-hazırda Rusiya Ukrayna ilə apardığı təcavüz səbəbindən Qərb ölkələri tərəfindən sanksiyalara məruz qalır. Bu, ödənişlərdə çətinliklərə, logistika problemlərinə və ticarət zəncirində pozulmalara səbəb olur. Ukrayna müharibəsi və Rusiyanın bölgədə yaratdığı digər gərginliklər bu ölkə ilə ticarətdə qəfil qadağalar və ya maneələrlə nəticələnir. Rusiyanın iqtisadiyyatı hərbi sənayeyə kökləndiyindən rubl volatillik göstərir və tez-tez kursu dəyişir. Bu, müqavilələrin rubl ilə bağlanması səbəbindən gəlirlərin sabitliyini zəiflədir.
Hətta geosiyasi vəziyyətin pisləşməsindən əvvəl də, bu istiqamətdə loqistika riskləri mövcud idi, yollarda gecikmələr, gömrük keçidlərində çətinliklər, tez-tez fitosanitar qaydaların dəyişməsi, rəsmi olmayan ödəniş tələbləri məhsulun keyfiyyətinin aşağı düşməsinə və gözlənilməyən xərclərin kəskin artmasına səbəb olurdu. Bəzi hallarda məhsullar səbəbsiz olaraq geri qaytarılır və ya məhdudiyyətlər qoyulur ki, bu da fermer və ixracatçı üçün zərər deməkdir. Gömrük və texniki tələblərlə yanaşı Rusiaya daxilində rüsumlar və kvotalar da tez-tez dəyişdirilir, bu da Azərbaycan məhsullarının rəqabət qabiliyyətinə təsir edir.
Azərbaycan məhsullarının Rusiyaya girişinin ildə bir neçə dəfə məhdudlaşdırılması və ya müvəqqəti bağlanması son illərdə təkrarlanan hal olub. Bu, adətən fitosanitar, baytarlıq, gömrük və ya siyasi səbəblərlə əlaqələndirilir.
Azərbaycan ixracatçıları üçün Rusiyaya yönəlmiş yüklərin ildə bir neçə dəfə gecikməsi, qaytarılması və ya saxlanması adi hala çevrilib. Araşdırmalarla müəyyən olunmuşdur ki, Rusiya Federasiyasının müxtəlif dövlət orqanları, xüsusilə “Rosselxoznadzor” (Kənd Təsərrüfatı Nəzarət Xidməti) ildə orta hesabla 3–5 dəfə Azərbaycan məhsullarına qarşı qadağa, məhdudiyyət və ya əlavə yoxlama tədbirləri tətbiq edirlər.
Beləliklə, geosiyasi risklər, iqtisadi sanksiyalar və ticarət asılılığını azaltmaq üçün alternativ bazarların axtarışı strateji əhəmiyyət daşıyır.
Rusiya bazarını tam əvəz etmək çətin olsa da, Asiya və Avropanın ölkələri və regionları potensial alternativ və ya əlavə bazarlar kimi çıxış edə bilərlər. Bu bazarların hər birinin üstünlükləri və tələbləri vardır. BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Oman kimi ölkələr meyvə-tərəvəz idxalına böyük tələbat göstərirlər və Azərbaycan məhsullarına maraq var, alıcılıq qabiliyyəti yüksəkdir, logistika baxımından əlverişlidir. Özəlliyi ondan ibarətdir ki, halal sertifikatlı məhsullar daha da yüksək qiymətə satılır.
Digər alternativ bazar olaraq Hollandiya, Çexiya, Bolqarıstan, Almaniya və Polşanı qeyd etmək olar. Bu bazarlarda da qiymət kifayət qədər yüksəkdir, lakin loqistika məsrəfləri də yüksəkdir. Eyni zamanda avropa GlobalGAP, HACCP və s. kimi Avropa standartlarına ciddi riayət tələb olunur.
Orta Asiya ölkələri də coğrafi baxımdan yaxın olduğu və ənənəvi bazar əlaqələrinin mövcudluğu səbəbindən meyvə-tərəvəz məhsullarının müəyyən miqdarı üçün bazar hesab oluna bilər, lakin bu bazara giriş mövsümiliyi nəzərə almağı tələb edir. Belə ki, Orta Asiya bazarı Özbəkistan məhsulları üçün də əsas idxal bazarlarından biri hesab olunur. Digər tərəfdən, Orta Asiya ölkələrinin bir-biri ilə imtiyazlı ticarət əlaqələri xərclərin azalmasına şərait yaradır ki, bu da yerli məhsullara müəyyən üstünlük verir.
Çİn və Cənub-Şərqi Asiya İqtisadi rayonları Azərbaycan istehsalçıları üçün tam yeni, demək olar ki, hələ “kəşf olunmamış” bazarlardan biridir. Bu bazarın çox böyük müştəri potensialı mövcuddur, eyni zamanda bizim bir çox məhsullar region ölkələrinin əhalisinin çox hissəsi üçün cəlbedici ola bilər. Xüsusilə, nar, fındıq, quru meyvələr, təzə buzlandırılmış meyvələrə bu bazarda “nəhəng” tələbat vardır və qiymətlər kifayət qədər yüksəkdir, lakin bu ölkələrin də məhsulun keyfiyyətinə olan xüsusi sertifikatlaşma tələbləri vardır. Eyni zamanda uzunmüddətli yol baxımından risklər mövcuddur.
Azərbaycanla qardaş ölkə olduğu üçün Türkiyə ilə güclü siyasi və iqtisadi əlaqələr vardır. Türkiyə bazarı bizim istehsalçılar üçün həm istehlak, həm də tranzit/yenidən ixrac baxımından faydalı ola bilər. Sadəcə nəzərə almaq lazımdır ki, Türkiyənin özünün də güclü kənd təsərrüfatı sektoru var. Amma bir çox illərdə şahidi olmuşuq ki, ilin müəyyən aylarında yerli istehsalçılar bəzi meyvə və ya tərəvəzlərə olan tələbatı qarşılaya bilmirlər. Belə hallarda bizim istehsalçılar ixrac imkanlarından istifadə edə bilərlər.
Xüsusi olaraq FED.az üçün
AğaMəhəmməd Alosmanov, Aqrar biznes və kənd təsərrüfatı üzrə ekspert