Son günlər Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsi fonunda rəsmi Moskva Azərbaycanı ənənəvi üsullarla «cəzalandırmağa» çalışır.
FED.az xəbər verir ki, söhbət Azərbaycandan Rusiyaya ənənəvi olaraq böyük həcmdə ixrac edilən meyvə-tərəvəzin ixracına problemin yaradılmasından gedir.
Rusiya dövlət orqanları bu dəfə Azərbayandan bu ölkəyə aktiv şəkildə ixrac olunan daha şaftalının ixracına problem yaratmağa başlayıblar.
Ötən gün Rusiya tərəfi Azərbaycandan idxal edilmiş və Krosnadarda anbarda saxlanılan 18 ton şaftalı və nektarində ziyanverici bakteriyaların aşkarlandığını iddia edib və məhsulun satışına qadağa qoyub.
Bu barədə Rusiyanın idxala nəzarət edən qida təhlükəsizliyi xidməti - «Rosselxoznadzor» məlumat yayıb. Qurumun məlumatında bildirilir ki, sözügedən meyvələrdə karantin ziyanvericiləri – «qərbi çiçək tripsi» tapılıb.
«Rosselxoznadzor»un Cənub Regional İdarəsinin əməkdaşları Krasnodardakı müvəqqəti saxlama anbarında ümumi çəkisi 18 ton olan şaftalı meyvə partiyasında canlı karantin zərərvericiləri – qərbi çiçək tripsi aşkar ediblər» - deyə rəsmi açıqlamada deyilir.
Rusiya tərəyi bildirir ki, zərərvericilərin olması meyvənin fitosanitar vəziyyəti ilə bağlı rəydə də əksini tapıb. Nəticədə bu meyvələrin idxalı və satışı qadağan edilib.
Xatırladaq ki, «qərbi çiçək tripsi» (westerns.flowerranteclidents (perellaliganscidents) ) bitkilərin 240 növünə zərər yetirir, bu həm meyvə-tərəvəzə həm də dekorativ bitkilərə aiddir. Bu zərərvericinin ən təhlükəli xüsusiyyətləri sürətlə artması, gizli yayılması və tətbiq edilən dərmanlara (pestisidlərə) davamlı olmasıdır.
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi bu məlumatı şərh etməkdən imtina edib.