Son illər Azərbaycanın qida və içki bazarında yerli istehsalçılar tərəfindən xarici, xüsusilə rus mənşəli adların geniş şəkildə istifadə olunması diqqət çəkir.
Azərbaycanda halal məhsul buraxılacaq - 5 ŞİRKƏTƏ İCAZƏ VERİLDİ - ADLARI
FED.az xəbər verir ki, bu yanaşma, bir tərəfdən yerli istehsalın xaricdə də tanıdılmasına çalışsa da, digər tərəfdən yerli bazarda alıcılar arasında çaşqınlıq yaradır. Xüsusilə məhsulların adlandırılmasında rus sözlərindən istifadə alıcıların bu adla aldadılması ehtimalını artırır.
FED.az paytaxtın müxtəlif marketlərində xarici adlardan məhsulları araşdırıb. Qeyd edək ki, xarici dil dedikdə, söhbət əsasən rus dilindən gedir. Rusca olan brendlərdən istifadə ən çox içki, kərə yağları, peçenyelər və kolbasa məmulatlarında istifadə edilir.
Məsələ bundadır ki, hələ sovet dövründən bu məmulatlar ölkəmizə əsasən Rusiyadan gətirilib və əhali tərəfindən müəyyən dərəcədə tanınır və keyfiyyətinə inam mövxuddur. Bəzi hallarda yerli şirkətlər yerli malları rus adları ilə təqdim etməklə bu inamdan istifadə etməyə çalışırlar.
Bu üsuldan həm iri və tanınmış şirkətlər, həm də daha kiçik istehsalçılar istifadə edir.
Beləliklə, Azərbaycan şirkətlərinin «rusdilli» araqları
- «Флагман Деликатная водка» - İstehsalçısı: “Kristal Plus” QSC
- «Батончик» – İstehsalçısı: “Mirzəoğlu” MMC
- «İstinnaya Vodka» - İstehsalçısı: “Baku Standart Group” MMC
- «Banketnaya vodka», «Zolotoe Koltso vodka», «Belaya Vorona vodka», «Rusinka Vodka» – İstehsalçısı: “Gəncə Şərab-2” ASC
- «Дикая Утка Gold», «Дикая Утка Platinum», «Дикая утка Solodovaya», «Хортиця Ice», «Хортиця Абсолютная», «Хортиця Платинум» – İstehsalçı: “Abşeron-Şərab” ASC
- «Протокол Встречи», «Сухов», «Белый Волк», «С Характером Классик» – İstehsalçısı: “AZGRANATA” MMC
- «Чёткая vodka» – İstehsalçısı: “MN Solutions” LLC
Göründüyü kimi, bu şirkətlərdə çalışan azərbaycanlı marketoloqların düşündüyü rus dilində olan araq adlarına ruslar da həsəd apara bilərlər.
Rus adlarından ən çox istifadə edilən digər sahə un məmulatlarıdır. Buraya peçenye və sair aiddir.
- «Мука Выший сорт», «Спорт печенье», «Королева печенье», «Буратино печенье сo вкусом апельсинa» – İstehsalçısı: “Avrora” MMC
- «Улыбка Традиционные пряники», «Золотой юбилей kлассическоe печенье», «Крекер сердечки», «Пряник с сахарной глазурью», «Пряник с яблочным джемом» – İstehsalçısı: “ATS Food” MMC
Rus brend adlarından geniş istifadə olunan digər istiqamət yağlar və süd məmulatlarıdır. Rusiyanın kərə yağı Azərbaycanda hələ sovet dövründən məşhurdur, və bəzi şirkətlər bu vəziyyətdən öz məhsullarının satışı üçün istifadə etməyə çalışırlar. Beləliklə:
- «Скушенкa» (qatılaşdırılmış süd - FED.AZ) – İstehsalçısı: “Xırman” MMC
- «Сметана», «Tвороk», «Kефир» – İstehsalçısı: “Dr.Milk” MMC
- «Кулинарка молочный продукт, сгущeнный с сахаром» – İstehsalçısı: “Şamaxı Dairy Farm” MMC
- «Калинка», «Люкс», «Кулинарка», «Натуральное масло крестьянское» – İstehsalçısı: “Bakı Qida və Yağ Fabriki” MMC
- Xama «Kremlyovskaya» - İstehsalçısı: SAB - “Zəhmət -Ruzi” MMC
«Rusdilli» kolbasalar
Rusiya brendi altında alıcılara təqdim edilən məhsulların bir hissəsi kolbasa- sosis məhsullarıdır. Rus kolbasalarına ənənəvi maraq alıcıları avtomatik olaraq bu məhsullara cəlb edir. Bu məsələdə xüsusilə SAB şirkəti çox irəli gedib. Şirkətin rusdilli kolbasaları həddən artıq çox və rəngarəngdir. Hərçənd, son illər rus adlı məhsulların bir hissəsinin əslində yerli istehsal olduğunu artıq alıcıların əksəriyyəti hiss edib. Beləliklə
- «Oxotniçiy kolbasa» – İstehsalçısı: “Sahliyali KM”
- «Oxotniçyi» – İstehsalçısı: “Ovçular ət və ət məhsulları” MMC
- «Lyubitelskaya», «Doktorskaya», «Moloçnıye sosiskası» - İstehsalçısı: “M&T” Ltd firması - Hacı Turqay məhsulları
- «Krakovskaya», «Vetçinnaya», «Doktorskaya», «Sinyuqa Doktorskaya», «Domaşnaya», «Kremlyovskaya», «Sinyuqa Lyubitelskaya», « Qovyaji», «Sovetskaya», «Stoliçnaya», «Lyubitelskaya», «Moloçnıye sosiskası» - İstehsalçısı: “Zəhmət -Ruzi” MMC - SAB məhsulları
Rusdilli brend adlarının meyvə şirələrində istifadəsi isə hələ 2000-ci illərin ortalarında başlayıb. Məsələn, “Qəbələ Konserv Zavodu”nun «Zolotoy sad» meyvə şirəsi artıq heç kimi təəccübləndirmir.
Qeyd edək ki, Azərbaycan istehsalçıları arasında məhsulunu rusca adlandıran şirkətlərin sayı daha çoxdur, amma onların bir hissəsində ad rusca yazılsa da, ifadədə Azərbaycan şəhər və kəndlərinin adları çəkilir, bu da məhsulun Azərbaycan istehsalı olduğunu bildirir.
Marketinq üzrə ekspertlər, yerli şirkətlərin bu vərdişlərinə fərqli qiymət verirlər. Bəzi mütəxəssislərin fikrincə, malların rus adları ilə brendlənməsi dolayısı ilə alıcıları aldatmaq cəhdidir. Digərləri isə hesab edir ki, rusca adlar məhsulun prestijini qaldırır və ixrac imkanlarını artırır.
«Viva» Kommunikasiya Agentliyinin rəhbəri, marketinq və PR mütəxəssisi Vüqar Baba bildirir ki, bu addımı dolayısı yolla alıcıların aldadılması hesab etmək olar:
«Şirkətlərin məhsulları istehsal edərkən onun üzərinə başqa dillərdə yazı yazması, məhsulun adını başqa cür qoyması, üzərində başqa dildə olan yazıları daha qabarıq verməsi və bu məhsul elə təəssürat yaradır ki, məqsədyönlü şəkildə həmin məhsul Rusiya istehsalıdır. Məhsulun adını rusca yazır, guya Rusiya istehsalı təəssüratı yaradır. Və ya məhsulun üzərində daha çox yazını türkcə yazır, məhsula türkcə ad qoyur. Məhsulun Azərbaycan istehsalı olmasına rəğmən onun üzərindəki izahatları, sloqanını rusca yazıb Rusiya, Türkiyə və ya ingilis sözlərindən istifadə etməklə Avropa istehsalı kimi təqdim etməyə çalışırlar.
Daha çox Azərbaycanda rast gəldiyimiz rus və türk istehsalı təəssüratı yaratmaq üzərindədir, məhsullar əksəriyyəti bunun üzərinə gedir. Bu, qətiyyən doğru deyil və istehlakçını aldatmaqdır. İstehlakçı hüquqları nöqteyi nəzərindən bunu hüquqşünaslar daha yaxşı bilər və istehlakçı hüquqları üzərində çalışan qurumlar, dövlət qurumları, qeyri hökumət təşkilatları bu məsələyə daha çox diqqət ayıra bilər».
Ekspert belə halı hətta kommunikasiya fırıldığı da adlandırır: «Kommunikasiya tərəfi, yəni məhsulun o formada çatdırılması, həm də kommunikasiya qüsuru, kommunikasiya fırıldağı adlandırıla bilər. Bu şirkətlər məhsulun üzərindəki yazıları adlarla birlikdə başqa dildə yazaraq öz istehlakçılarını aldadırlar. Yəni istehlakçıya sanki rəsmi formada, yalan demədən yalan satmış olurlar. Çünki o satıcı da çox yaxşı bilir ki, onun üzərində məhsulun dizaynını, yazısını o formada edərək istehlakçıda alıcıda Rusiya və yaxud da ki, Türkiyə istehsalı məhsul təəssüratı yaradacam və bununla da Rusiya və ya Türkiyə məhsulu qavrayışı yaradaraq, ona satacaq. Amma həm məhsulun arxasında kiçik hərflərdən, Azərbaycan istehsalı olduğunu, tərkibini və digər detalları orada yazacam. Bu birbaşa öz istehlakçısına, öz müştərisinə hörmətsizlik, istehlakçısına yalan danışmaqdır».
Vüqar Baba bildirir ki, məhsulun adında və təqdimatında belə üsullara yol verən şirkətlər, eyni addımı onun keyfiyyətində də ata bilərlər: «İstehlakçılarını mənşə ölkəsində çaşdıran şirkət, görün, başqa detallarda nə qədər aldada bilər. Məhsulun tərkibi, tərkibindəki hər hansı maddəni göstərib göstərməmək, tarixi və sair detallarda aldatmaq olar. Vizual effektlərlə bu yalanı yarada bilən şirkət istehlakçısına istifadəçisinə məhsulun istifadəçisinə, hər pisliyi edə bilər».
Ekspert belə hallara yol verən şirkətlərin kommunikasiya mütəxəssisləri, PR və marketinq menecerlərini də qınayır.
Digər ekspertlər «rusdilli» araq və kolbasa mövzusuna daha yumşaq yanaşırlar. Ekspert Məmməd Məmmədov bildirir ki, Azərbaycan istehsalçı şirkətlərinin bəzi məhsullara rus dilində ad verməsi bir neçə əsas amillə bağlıdır. İlk növbədə, bu, ixrac strategiyası ilə əlaqədardır: «Bir çox yerli istehsalçı məhsullarını yalnız daxili bazarda deyil, eyni zamanda Rusiya, Qazaxıstan, Belarus kimi MDB ölkələrində də satmağı hədəfləyir. Rus dilində adlandırma bu bazarlarda məhsulun daha asan tanınmasına və qəbul edilməsinə kömək edir, çünki alıcılar üçün doğma və daha etibarlı görünür».
Bundan başqa, ekspert deyir ki, rusca adlar bəzən istehlakçılar üçün daha prestijli və yüksək keyfiyyətli təsir bağışlayır: «Xüsusilə qida, kosmetika və məişət məhsulları sahəsində bəzi istehlakçılar rus adlarını klassik və etibarlı brend imici kimi qəbul edirlər. Bu yanaşma SSRİ-dən qalma istehlak vərdişləri ilə də əlaqələndirilə bilər».
Digər bir səbəb isə məhsulun konsepsiyasının rus-slavyan mədəniyyəti ilə bağlı olmasıdır: «Bəzi məhsullar, məsələn, süd məhsulları, şirniyyat və ya içkilər məhz Rusiya və ya Slavyan ənənələrindən ilhamlanaraq hazırlanır. Bu halda rus adları məhsulun mənşəyini və ideyasını daha aydın ifadə edir, alıcılarda müəyyən bir təsəvvür yaradır».
M.Məmmədov bildirir ki, eyni zamanda, bəzi şirkətlər rus dilli auditoriyanı hədəf götürür: «Azərbaycanda rusdilli əhali kifayət qədər böyükdür və onlar üçün rus dilində adlandırma daha cəlbedici ola bilər. Xüsusilə marketinq kampaniyalarında bu auditoriyaya birbaşa müraciət etmək, onların diqqətini çəkmək üçün rus adlarından istifadə olunur».
Bununla yanaşı, M.Məmmədov da ümumilikdə bu yanaşmanı (rusca brendlənməni – FED.az) doğru saymır: «Bu strategiya biznes və bazar tələblərinə əsaslanaraq məntiqli görünsə də, milli kimlik və dil məsələləri baxımından mübahisələr yarada bilər. Yerli istehsal məhsullarının Azərbaycan dilində adlandırılması milli dəyərlərin qorunmasına və Azərbaycanın brend sektorunun güclənməsinə töhfə verə bilər. Bu balansı qorumaq üçün bəzi şirkətlər həm Azərbaycan dilində, həm də beynəlxalq səslənən adlardan istifadə edə bilərlər. Məsələn, məhsula həm yerli, həm də xarici bazara uyğun gələn bir ad vermək olar. Bu yanaşma həm Azərbaycan dilini qorumağa kömək edər, həm də məhsulun xaricdə daha rahat tanınmasına şərait yaradardı».
«Kingsmart Supermarket» şəbəkəsinin Marketinq Şöbəsinin Rəhbəri - Marketinq Direktoru Ozala Əliyeva isə rusca brendlənməni şirkətlərin bazara çıxış imknalarının artırılması və müxtəlif qrup olan alıcıların diqqətini cəlb etmək istəyi ilə izah edir və bunu təbii sayır. Mütəxəssis bu prosesə bir neçə bəndlik yanaşma ilə münasibət bildirir:
1. Bazarı Tanımaq və Hədəfləmək - Marketinqin əsas məqsədi doğru məhsulu doğru bazara təqdim etməkdir. marketinqdə, bazarın tələbləri və ehtiyacları diqqətlə araşdırılır, hansı məhsul və ya xidmətin hansı hədəf auditoriyasına xitab edəcəyi müəyyən edilir. Məsələn, Azərbaycan məhsullarının rus dilində brendlənməsi, postsovet ölkələrindəki geniş rusdilli auditoriyaya yönəlikdir. Bu, həmin bazarların dilini və mədəniyyətini nəzərə alaraq məhsulların daha cəlbedici və tanınan olmasını təmin edir.
2. Rəqabət və Diferensiasiya - marketinqdə rəqabət mühüm rol oynayır. Bir çox bazarda müxtəlif markalar var və müştərilər arasında seçim etmələri üçün cəlbedici təkliflərə ehtiyac duyulur. Azərbaycan məhsullarının rus dilində brendlənməsi, onlara yerli rəqiblərdən fərqlənmək imkanı yaradır. Həmçinin, doğru bir marketinq strategiyası ilə məhsulun üstünlükləri və fərqləri vurğulanır ki, bu da müştərilər üçün daha cəlbedici edir.
3. İnteqrasiya və Lokalizasiyanın Əhəmiyyəti - marketinqdə inteqrasiya, yəni global və lokal tələbləri balanslaşdırmaq çox önəmlidir. Məhsul və xidmətlər yalnız bir dil və mədəniyyətə uyğun olaraq təqdim edilə bilməz, eyni zamanda müxtəlif bazarların xüsusiyyətlərinə uyğunlaşdırılmalıdır. Bu, məhsulun yerli bazarda qəbul edilməsinə və müştəri ilə doğru əlaqə qurulmasına kömək edir. Azərbaycan məhsulunun rus dilində brendlənməsi, həmçinin o bazarın yerli xüsusiyyətlərinə uyğunlaşdırılmış olmasını göstərir.
4. Marketinq Kommunikasiyalarının Çeşidliliyi - marketinqin effektivliyini artıran amillərdən biri də marketinq kommunikasiyalarının müxtəlif formalarıdır. Bu, reklamlar, sosial media, internet və ənənəvi marketing kanallarını əhatə edir. Rus dilində brendləşmə, həm də rusdilli reklamlar və promosyonlar ilə əlaqəli olan marketinq kampaniyalarını əhatə edir, bu da şirkətin məhsullarının daha geniş auditoriyaya çatmasını təmin edir.
5. Məhsul İnamı və Tanınması Məhsul brendi, müştərilərin məhsula qarşı etibarını və etiketin gücünü təmsil edir. Hər hansı bir bazarda tanınan marka, müştərilər tərəfindən daha asan qəbul edilir və istehlakçılar arasında güvən yaradır. Azərbaycan məhsulunun rus dilində brendlənməsi, xüsusilə rus dilini bilən və bu dilə öyrəşmiş müştərilər üçün məhsulun tanınmasını və qəbul edilməsini asanlaşdırır.
6. Əlverişli və Effektiv Paylama Kanalları - Marketinqdə, məhsulun doğru kanallar vasitəsilə təqdim edilməsi çox önəmlidir. Rus dilində brendlənmə, məhsulun həm online, həm də fiziki satış kanallarında rusdilli müştərilərə asanlıqla çatmasını təmin edir. Bu, satış nöqtələrinin artmasına və bazar payının yüksəlməsinə kömək edir.
7. Rəqəmsal Marketinq və Analitika - Bugünkü dövrdə rəqəmsal marketinq, daha geniş və daha effektiv bazara çatmaq üçün vacibdir. İnternet, sosial media və digər rəqəmsal platformalar vasitəsilə məhsul və ya xidmət haqqında məlumat verilir, müştəri ilə birbaşa əlaqə qurulur. Rus dili, bu platformalarda müştəriyə daha yaxından və effektiv xidmət göstərmək üçün yaxşı bir vasitədir.
8. Qlobal və Lokal Trendlər - Geniş marketinqdə həm qlobal, həm də lokal trendlər nəzərə alınır. Azərbaycan məhsullarının rus dilində brendlənməsi, yalnız rusdilli müştərilərə deyil, həm də ümumilikdə postsovet ölkələrindəki bazarlara yönəlik olaraq effektiv ola bilər. Beləliklə, məhsullar daha geniş coğrafiyada daha çox insana tanıdılır.