Bu ilin ilk 9 ayında Azərbaycandan 136,5 milyon dollar (232 milyon manat) həcmində 95 min 389 ton pambıq lifi ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pambıq lifi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 15,1 milyon dollar (25,7 milyon manat) və ya 9,9%, miqdar ifadəsilə isə 5 min 97 ton, başqa sözlə 5% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 151,6 milyon dollar (257,7 milyon manat) dəyərində 100 min 486 ton pambıq lifi ixrac olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi pambıq lifinin 1 kiloqramının orta ixrac qiyməti 2 manat 43 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 2 manat 57 qəpik idi. Bu da illik müqayisədə 14 qəpik və ya 5,4% ucuzlaşma deməkdir.
Bu il 9 ayında ümumi ixracın 0,73%-ü, qeyri-neft sektoru üzrə ixracın isə 5,15%-i pambıq lifinin payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,76% olub.