2025-ci il ərzində Azərbaycandan 34 milyon dollar həcmində 15,1 min ton pambıq ipliyi ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömruk Komitəsinə istinadən xəbər verir ki, pambıq ipliyi ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 5,5 milyon dollar və ya 19,2%, miqdar ifadəsilə isə 3,5 min ton, başqa sözlə 30,5% çoxdur.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 28,6 milyon dollar dəyərində 11,5 min ton pambıq ipliyi ixrac olunmuşdu.
2025-ci ilin nəticələrinə görə bu məhsulun 1 kiloqramının orta ixrac qiyməti 3 manat 84 qəpik təşkil edib. 2024-cü ildə isə bu rəqəm 4 manat 23 qəpik idi. Bu da illik müqayisədə 39 qəpik və ya 9,2% ucuzlaşma deməkdir.
Bu il ümumi ixracın 0,14%-i, qeyri-neft sektoru üzrə ixracın isə 0,94%-i pambıq ipliyinin payına düşüb. Ötən il isə müvafiq göstəricilər 0,11% və 0,85% olmuşdu.











