2025-ci ilin martında 2025-ci ilin fevralına nisbətən qida mallarının qiymətində 1,2, spirtli içkilərin qiymətində 0,3, tütün məmulatlarının qiymətində 2,6, qeyri-qida mallarının qiymətində isə 0,1 % artım müşahidə edilib.
Azərbaycanda ən çox ucuzlaşan və bahalaşan məhsullar - SİYAHI
FED.az xəbər verir ki, 2025-ci ilin martında 2024-cü ilin martına nisbətən qida mallarının qiymətində 6,7, spirtli içkilərin qiymətində 3,4, tütün məmulatlarının qiymətində 2,7, qeyri-qida mallarının qiymətində isə 2,8 % artım nəzərə çarpıb.
Bundan əlavə, 2025-ci ilin yanvar-mart ayları 2024-cü ilin yanvar-mart aylarına nisbətən qida mallarının qiyməti 6, spirtli içkilərin qiyməti 3,6, tütün məmulatlarının qiyməti 0,9, qeyri-qida mallarının qiyməti isə 2,7 % artıb.
Bəs, növbəti aylarda istehlak mallarının qiymət dəyişimi necə proqnozlaşdırılır?
Məsələ ilə bağl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, 2025-ci ilin birinci rübünün nəticələri göstərir ki, istehlak bazarında birrəqəmli inflyasiya ilə bağlı hədəflərə nail olunub:
“İstehlak bazarında qiymət artımlarının strukturuna diqqət yetirsək, xidmətlərdə daha yüksək artımlar qeydə alınıb. Xidmətlərdəki artım ümumi inflyasiya səviyyəsindən daha yüksəkdir. Bir sıra qida və içkilərdə əvvəlkilərə nisbətən artımlar qeydə alınıb. Növbəti dövrlərdə inflyasiya səviyyəsi idxal inflyasiyasından asılı olacaq. Çünki istehlak bazarında idxal məhsulları xüsusi çəkiyə malikdir”.
Millət vəkili vurğulayıb ki, dünya bazarında, eləcə də Azərbaycanın məhsul idxal etdiyi ölkələrdə qiymət artımı baş verən zaman həmin məhsulun daxili bazarda da qiymətində artımlar müşahidə olunur.
“Qarşılıqlı tariflərin tətbiq edilməsi ilə bağlı qərar tam olaraq qüvvəyə minməsi qlobal istehlak bazarında yeni qiymət artımlarına gətirib çıxara bilər, bu da idxal inflyasiyasını sürətləndirə bilər. Bütövlükdə 2025-ci ildə inflyasiyanın birrəqəmli olacağı gözlənilir. Bu o deməkdir ki, Mərkəzi Bank tərəfindən inflyasiya hədəf diapazonunda olacaq. Növbəti aylarda Azərbaycanın əsas ticarət tərəfdaşlarında, o cümlədən region bazarında qiymət artımları Azərbaycan istehlak bazarına təsirlərini qoruyub saxlayacaq”, - deyə deputat fikrini tamamlayıb.
İqtisadçı Xalid Kərimli qeyd edib ki, ölkədə inflyasiyanın davam edəcəyi gözlənilir.
“Mərkəzi Bank 2025-ci ildə Azərbaycanda 5,5 faizlik inflyasiya proqnozlaşdırır. İnflyasiyanın az olma ehtimalı, demək olar ki, yoxdur. İlin əvvəlində verilən bir çox qərarlar indiki inflyasiyanı şərtləndirir. İstehlak mallarının qiymətinin artması gözlənilir. İnflyasiyanın əsas faktoru xərc artıran amillər və daxili tələbin vəziyyətidir. Xaricdən ölkəyə gələn inflyasiyanın təsiri getdikcə azalır, çünki xaricdə enerji, qeyri-enerji əmtəə bazarlarında, eyni zamanda ərzaq qiymətləri indeksində inflyasiya zəifləyib. Daxili amillər builki inflyasiyada daha vacib rol oynayacaq”, - deyə o bildirib. (Trend)