Naxçıvan şəhərində müasirtipli ticarət mərkəzi inşa edilir. İnşa olunan ticarət mərkəzində müxtəlif mağazalar, iaşə obyektləri və digər xidmət sahələrinin fəaliyyət göstərməsi nəzərdə tutulur.
Bakıda “Mall” bağlanır
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tikintisi “Bakstone Construction" MMC tərəfindən həyata keçirilən layihənin sahə rəisi Nizami Əzizovun verdiyi məlumata görə, binanın ümumi sahəsi 6144,9 m², tikinti sahəsi isə 1785,9 m² təşkil edir.
Obyektin icarəyə verilə bilən sahəsi 1625 m² olacaq. Layihə gücü gündəlik orta hesabla 1000 nəfərdən çox ziyarətçi qəbul etməyə imkan verəcək.
Tikintiyə 15 dekabr 2025-ci ildən etibarən başlanılıb, işlər mərhələli şəkildə aparılır və tikintinin, ümumilikdə, 300 iş gününə başa çatdırılması planlaşdırılır. Layihənin əsas məqsədi bölgədə müasir ticarət və əyləncə infrastrukturu yaratmaq, yeni iş yerləri açmaq və əhalinin rahat alış-veriş imkanlarını genişləndirməkdir.
Binanın konstruksiya sistemi monolit dəmir-beton karkas sistemində layihələndirilib. Daşıyıcı sistem sütun, rigel və monolit örtükdən ibarətdir. Ticarət mərkəzinin bünövrəsi isə torpaq şəraitinə uyğun olaraq lentvari tipdə icra olunur.
Nizami Əzizovun sözlərinə görə, layihə Azərbaycan Respublikasının qüvvədə olan tikinti norma və qaydalarına tam uyğun hazırlanıb. Hesablamalar seysmik zonaya uyğun aparılıb, konstruksiya elementləri isə zəlzələ yüklərinə qarşı dayanıqlıdır. Obyektdə müasir yanğınsöndürmə və xəbərdarlıq sistemi, mərkəzləşdirilmiş havalandırma və kondisionerləşdirmə sistemi, “ağıllı” işıqlandırma, təhlükəsizlik kameraları, lift və eskalator sistemləri nəzərdə tutulub. Bundan əlavə, LED işıqlandırma sistemi, istilik izolyasiyalı fasad və pəncərələr, enerjiyə qənaət texnologiyaları, həmçinin yağış sularının idarə olunması sistemi quraşdırılacaq.
Bu layihə Naxçıvanın inkişafına və sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək. Müasir standartlara cavab verən ticarət mərkəzi bölgənin iqtisadi potensialını artırmağa və yerli əhali üçün daha komfortlu alış-veriş və əyləncə mühiti yaratmağa xidmət edəcək. (Şərq Qapısı)












