2022–2025-ci illərdə Azərbaycanda kənd təsərrüfatı sahəsi üzrə idxalda artım əsasən diri heyvanlar və heyvandarlıq məhsulları üzrə olub.
İnək və qoyunların erkən yaş və aşağı çəkidə kəsilməsi qanunvericiliklə tənzimlənəcək
FED.az xəbər verir ki, bu barədə dünən Milli Məclisin plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilir.
Son 3 ilin göstəriciləri müzakirə olunan hesabatda deyilir ki, 2022-ci illü müqayisədə 2025-ci ildə xaricdən Azərbaycana diri iribuynuzlu heyvanların idxalı 3,7 dəfə, diri qoyunların idxalı 2,1 dəfə artıb. Həmçinin bu dövrdə iribuynuzlu və xırdabuynuzlu heyvan ətinin idxalı 2,8 dəfə, kərə yağı idxalı 1,6 dəfə artıb.
Bu dövrdə Azərbaycandan ixrac da artıb. Belə ki, kənd təsərrüfatı və emal məhsullarının ixracı 33,6% artaraq 1 milyard 524 milyon dollar, o cümlədən meyvə ixracı 48% artaraq 663,5 milyon dollar olub.
Hökumət öz hesabatında bildirir ki, xarixdən Azərbaycana heyvandarlıq məhsulları idxalın artımının əsas səbəblərindən biri - yerli məhsulların maya dəyərinin xaricdən gətirilən mallara nisbətən daha yüksək olmasıdır. Başqa sözlə, yerli məhsullar baha olduğuna görə, qiymətdə xarici məhsullarla rəqabət apara bilmirlər.
Öz növbətində, yerli məhsulların baha olmasının da əsas səbəbi heyvan yeminin baha olmasıdır: «Heyvandarlıqda və quşçuluqda xərclərin, xüsusilə də yem xərclərinin bahalaşması yerli məhsulun maya dəyərinin artmasına və nəticədə istehsalçı qiymətlərinin artmasına səbəb olur»-deyə hesabatda bildirilir.












