İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda forum keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, forum çərçivəsində vergi sistemində müasir idarəetmə yanaşmaları, rəqəmsal həllərin tətbiqi və data əsaslı qərarvermə mexanizmləri müzakirə olunub. Bununla yanaşı, vergi qanunvericiliyində baş verən dəyişikliklər və vergi inzibatçılığında tətbiq olunan yeni yanaşmalar iştirakçılara təqdim edilib.
Forumda, müxtəlif nominasiyalar üzrə fərqlənən vergi ödəyicilərinə xüsusi sertifikatlar təqdim olunub.
Hacıqabul Quşçuluq Şirkəti kənd təsərrüfatı sahəsi üzrə məşğulluğun inkişafına verdiyi əvəzsiz töhfələrə xüsusi mükafata layiq görülüb.
Mükafat Dövlət Vergi Xidmətininin rəisi Orxan Nəzərli tərəfindən Hacıqabul Quşçuluq Şirkətinin təsisçisi və direktoru Nemət Babaşova təqdim edilib.
Bu mükafat Hacıqabul Quşçuluq Şirkətinin məşğulluğun təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərin yüksək qiymətləndirilməsinin göstəricisidir.
Qeyd edək ki, bu il Azərbaycanın quşçuluq sənayesinin aparıcı istehsalçılarından biri olan Hacıqabul Quşçuluq Şirkəti öz fəaliyyətinin 50 illik yubileyini qeyd edir. Yarım əsrlik tarixi ərzində müəssisə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına, daxili bazarın keyfiyyətli yumurta ilə təmin edilməsinə və kənd təsərrüfatı sektorunun inkişafına mühüm töhfələr verib.












