Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,5 milyard manatlıq, o cümlədən 12,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Mayda Azərbaycanda bir çox ərzaqlar ucuzlaşıb - Daha çox bahalaşma isə sement, yay geyimlərində olub
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 %, qeyri-ərzaq malları üzrə 5,2 % artıb.
Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,4 %-i ərzaq məhsullarının, 4,9 %-i içkilər və tütün məmulatlarının, 13,1 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 %-i avtomobil benzini və dizel yanacağının, 4,5 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,3 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ni təşkil edib.
Son 1 ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,3 %, fərdi sahibkarlar üzrə 0,2 %, bazar və yarmarkalarda 1,2 % artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 421,3 manatlıq, o cümlədən 237,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 184,2 manatlıq qeyri-ərzaq malları alıb.