Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə daxil olan müraciətlərin təhlili göstərir ki, ticarət şəbəkələrində çox rast gəlinən pozuntu halları 50%-dən çox payla istehlakçıların çəkidə və yaxud hesabda aldadılmasıdır.
“Bazarstore” müştəriləri aldadıb - Məhsul üzərindəki qiymətdən - BAHA SATILIB
FED.az xəbər verir ki, bunu qurumun sədri Elnur Bağırov Bakıda “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirələrdə bildirib.
Onun sözlərinə görə, agentliyin apardığı maarifləndirmə tədbirlərinə baxmayaraq, ticarət şəbəkələrindən istehlakçı hüquqlarının pozulmasına dair çoxsaylı şikayətlər daxil olmaqdadır.
Sədr qeyd edib ki, endirim kampaniyaları zamanı real qiymət dəyişikliyi aparılmaması, kampaniya müddəti başa çatdıqdan sonra köhnə qiymətlərin yenilənməməsi, əvvəlcədən qablaşdırılıb etiket yapışdırılmış məhsulların qiymətinin yenilənməməsi, onlayn satış zamanı məhsulların istehlak xüsusiyyətləri barədə ətraflı məlumatın verilməməsi kimi istehlakçı hüquqlarının pozulması halları da müşahidə edilir: "Qeyd olunan hallar istehlakçı hüquqlarının qorunması baxımından ciddi narahatlıq doğurur və qanunvericiliyin pozulması ilə nəticələnir".
"Bundan əlavə, rəqabətin pozulması hallarına yol verilir. Bəzi məhsulların rəfə daxil olunmasının məhdudlaşdırılması və yaxud digər formada ayrı-seçkilik edilməsi, şəbəkə marketlərinin və digər təsərrüfat subyektlərinin mal təchizatçılarına ödənişi əsassız olaraq gecikdirməsi müşahidə olunur. Şəbəkələrdən əsas gözləntilərmiz ondan ibarətdir ki, istehlakçı hüquqlarının qorunması məqsədilə davamlı və sistemli xarakter daşıyan pozuntuların qarşısı alınsın, bunun üçün effektiv nəzarət mexanizmləri tətbiq olunsun. Apardığımız nəzarət tədbirləri nəticəsində aşkar edilmiş qanun pozuntuları barədə tərtib edilmiş inzibati xəta protokolları şəffaflığın təmin olunması və ictimai məlumatlandırma məqsədilə Agentliyin internet səhifəsində yerləşdirilir", - deyə E.Bağırov əlavə edib. (Report)