Azərbaycanda “Səba” brendi altında fəaliyyət göstərən mağazalar 15–20 oktyabr 2026-cı il tarixlərində müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.
FED.az xəbər verir ki, bu barədə "Chicken Pro” şirkətinin yaydığı məlumatda bildirilir.
Şirkətin açıqlamasına görə, mağazaların fəaliyyətinin müvəqqəti dayandırılması mərkəzləşdirilmiş satış və idarəetmə sisteminin texniki infrastrukturunda planlaşdırılan yenilənmə işləri ilə əlaqədardır.
Yenilənmə müddətində sistemin dayanıqlılığının və müştərilərə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə texniki-profilaktik işlər həyata keçiriləcək.
“15–20 oktyabr 2026-cı il tarixlərində mağazalarımız müvəqqəti olaraq fəaliyyət göstərməyəcək”, – deyə şirkətin məlumatında qeyd olunur.
Açıqlamaya əsasən, “Səba” mağazalarının oktyabrın 21-dən etibarən adi iş rejimində fəaliyyətini bərpa etməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Səba” brendi hazırda “Chicken Pro” MMC-yə məxsusdur. “Chicken Pro” Azərbaycanda “Səba” ASC-nin səhmlərini və aktivlərini əldə etmiş şirkətdir.














