Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə mayın 17-dən 18-dək paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək.
FED.az xəbər verir ki, Azərbaycanın 25 regionundan olan 50-ə yaxın fermer öz təsərrüfatlarında yetişdirdikləri 100-ə yaxın çeşiddə məhsulu həftəsonu yarmarkasında satışa çıxara biləcəklər. Fermerlər yarmarkada iştirak üçün yer, piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunacaqlar.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında təşkil olunacaq yarmarkanın məqsədi yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.
Yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, məhsulların keyfiyyəti ilə bağlı sualı yaranacaq vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsuldan analiz verə biləcəklər.