Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 42,7 milyard manatlıq, o cümlədən 23,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Əhalinin benzin-dizel xərci - 140 MİLYON MANAT ARTDI
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 %, qeyri-ərzaq malları üzrə 5,7 % artıb.
Bu ilin 9 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6 %-i ərzaq məhsullarının, 4,4 %-i içkilər və tütün məmulatlarının, 13,7 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 %-i avtomobil benzini və dizel yanacağının, 5 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,6 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ni təşkil edib.
İl ərzində pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,8 %, fərdi sahibkarlar üzrə 0,6 %, bazar və yarmarkalarda 2,3 % artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 465,2 manatlıq, o cümlədən 255,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 209,5 manatlıq qeyri-ərzaq malları alıb.