Azərbaycandan Vyetnam bazarına ixrac potensialı yüksək olan məhsullar müəyyənləşdirilib.
FED.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Hanoyda keçirilən Azərbaycan-Vyetnam Birgə Biznes Şurasının I iclası və Azərbaycan-Vyetnam Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, bu məhsullar arasında pambıq lifi, ilkin formada olan polietilen, emal olunmamış və ərintisiz alüminium və onun ərintiləri, şokolad və şokolad məhsulları, eləcə də spirtli içkilər yer alır.
Y.Abdullayev əlavə edib ki, bu tədbiri Vyetnam Milli Sahibkarlar Assosiasiyası (VINEN) yüksək səviyyədə tərtib edib:“Bu platforma biznes dairələrimizin birbaşa əlaqə qurması, qarşılıqlı üstünlükləri araşdırması və davamlı ticarət və investisiya əməkdaşlığının əsasını qoyması baxımından çox dəyərli bir fürsətdir. Bugünkü foruma Azərbaycandan 20-dən çox nümayəndə qatılıb. Nümayəndə heyətinə dövlət rəsmiləri ilə yanaşı, tekstil, qida və içki sənayesi, ilkin alüminium istehsalı və yarımfabrikat alüminium məhsulları, logistika və nəqliyyat, eləcə də polad istehsalı kimi müxtəlif sahələrdə fəaliyyət göstərən 10-a yaxın şirkət daxildir. Bu iştirak Azərbaycan tərəfinin sahə yönümlü əməkdaşlıq qurmağa və Vyetnam tərəfdaşları ilə yeni kommersiya imkanlarını inkişaf etdirməyə marağını nümayiş etdirir”.
Bu gün Hanoyda keçirilən tədbirlər çərçivəsində iki ölkə arasında 5 sənəd imzalanıb. Bu sənədlər qarşılıqlı investisiyaların təşviqini, sahibkarlar arasında əlaqələrin gücləndirilməsini nəzərdə tutur.
Sabah isə Hanoyda İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının III iclası keçiriləcək. İclasda iki ölkə arasında ticarət-iqtisadi, energetika, mədəniyyət, kənd təsərrüfatı, turizm, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması, iqtisadi və ticari münasibətlərin mövcud vəziyyətinin və investisiya imkanlarının müzakirə edilməsi nəzərdə tutulur.
Hökumətlərarası Komissiyasının həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Diendir. (Report)