Süfrə yumurtasının qiyməti keçən ilin müvafiq dövrünə nisbətən hazırda təqribən 3-4 qəpik civarında ucuzlaşıb.
Azərbaycanda toyuq əti bahalaşdı – QİYMƏT ARTIMININ SƏBƏBİ BARƏDƏ AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli deyib.
O bildirib ki, bu ilin əvvəlindən süfrə yumurtası istehsalımız təxminən 1 milyard 700 milyon ədəd civarındadır: “Hazırda anbarlarda da yumurta ehtiyatımız kifayət qədərdir. Yəni 10-15 gün ərzində Azərbaycanda yumurta istehsal olunmasa belə, anbarlardakılar kifayət edəcək qədərdir. Hazırda süfrə yumurtası ixracımız 110 milyon ədədin üzərindədir. Süfrə yumurtasının qiyməti keçən ilin müvafiq dövrünə nisbətən təqribən 3-4 qəpik civarında ucuzlaşıb. Bu, həm yemin qiymətinin aşağı olmasının, həm də ölkə başçısının bizim sahəyə göstərdiyi ciddi dəstək və diqqətinin nəticəsidir. Soyadan əlavə dəyər vergisinin (ƏDV) qaldırılması, yem əlavələrinin gömrük rüsumunun aradan götürülməsi ölkədə yumurtanın qiymətinin ucuzlaşmasına səbəb olub”.
M. Həsənli vurğulayıb ki, damazlıq yumurta istehsalında da ötən ilə nisbətən artım müşahidə olunur: “Bu ilin ilk aylarında 6 milyona qədər damazlıq yumurta ixracımız olub. Nəzərinizə çatdırım ki, biz heç zaman damazlıq yumurta ixrac etmirdik, hər zaman idxal edirdik. Amma bu il ixrac da etmişik. Kifayət qədər damazlıq yumurta istehsalımız var. Amma buna baxmayaraq, damazlıq yumurta üzrə idxalımız da həyata keçirilir”.
“Hesab edirəm ki, artıq gələn ildən damazlıq yumurta idxal etməyəcəyik, əksinə ixracımız olacaq. Hazırda kifayət qədər istehsal müəssisələrimiz mövcuddur. Ümumiyyətlə, quşçuluq sənayesində vəziyyət qənaətbəxşdir”, - deyə M. Həsənli qeyd edib. (Trend)