Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 53 milyard 867,7 milyon manatlıq, o cümlədən 29 milyard 534,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 24 milyard 332,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
11 ayda Azərbaycanda 53.8 milyard manatlıq məhsul satılıb
Bu barədə FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2 %, qeyri-ərzaq malları üzrə 6,1 % artıb.
11 ay ərzində alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6 %-i ərzaq məhsullarının, 4,2 %-i içkilər və tütün məmulatlarının, 15 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 %-i avtomobil benzini və dizel yanacağının, 5 %-i elektrik malları və mebellərin, 2,1 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektlərinin satdığı malların dəyəri 1 il əvvələ nisbətən real ifadədə 3,8 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ini təşkil edib. Son 1 ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,7 %, fərdi sahibkarlar üzrə 1 %, bazar və yarmarkalarda 3,1 % artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 480 manatlıq, o cümlədən 263,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 216,8 manatlıq qeyri-ərzaq malları alıb.