2024-cü ildən etibarən Azərbaycanda siqaretlərə aksiz vergisinin artması ilə əlaqədar olaraq yanvarın 3-dən ölkədə bütün siqaretlərin qiyməti artıb.
FED.az xəbər verir ki, ümumilikdə bütün siqaretlərin qutusu 20 qəpik bahalaşıb. Yalnız «Sobranie» siqaretinin bəzi növlərində (zərli naxışlı) 50 qəpik anrtım qeydə alınıb və 4,5 manatdan 5 manata yüksəlib.
«Winston» siqaretlərinin qutusu 3,90 manatdan 4,1 manata, «Kent» 4 manatdan 4,20 manata, «Rotmants» siqerati 3 manatdan 3,2 manata, «Magna», «Viceroy» və «Prima» siqaretləri isə 2,4 manatdan 2,6 manata yüksəlib.
Qeyd edək ki, bu ildən Vergi Məcəlləsinə qüvvəyə minən dəyişikliyə əsasən aksiz vergiləri yüksəlib. Yanvarın 1-dən etibarən aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilib.
Başqa sözlə, bir qutu siqaret üçün aksiz vergisi 77 qəpikdən 91 qəpiyə, yəni 14 qəpik yüksəlib.
Qeyd edək ki, hazırda ticarət şəbəkələrində satılan siqaretlər əvvəlki partiya ilə satışa çıxarılanlardır, yəni onlara aksiz vergisi tətbiq edilməyib. Buna görə də, qiymətlərin artımı hər yerdə baş verməyib, bəzi ticarət şəbəkələrində qiymətlər dəyişməyib, onlarda qiymət artımı qarşıdakı günlərdə olacaq.