Palma yağı bazarda digər yağları sıxışdırdığı üçün “zərərlidir” mifi yaradılır.
FED.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Qoşqar Təhməzli bazarlarda kərə yağı adı ilə satışa çıxarılan yağlarda bitki tərkibli yağlardan, palma yağı və saxta kərə yağları ilə bağlı nəzarət tədbirlərindən də danışıb. O qeyd edib ki, palma yağı düşünüldüyü qədər təhlükəli məhsul deyil:
“Ölkəyə idxal olunan yağlarda keyfiyyət və kəmiyyət göstəricilərinin normadan kənara çıxması, eləcə də saxtalaşdırma hallarının aşkar edilməsi xüsusi diqqət mərkəzində saxlanılır. İdxal olunan bütün qida məhsulları kimi, yağlar da xüsusi dövlət nəzarəti altındadır. Yüksək riskli məhsullar hesab edildiyi üçün onların bütün partiyaları müvafiq yoxlamalara cəlb olunur".
AQTA sədri bildirib ki, palma yağı əsasən iki ölkədə – Malayziya və İndoneziyada istehsal olunur. Azərbaycana isə bu məhsul İndoneziya, Malayziya, Rusiya, Ukrayna və Türkiyə də daxil olmaqla müxtəlif ölkələrdən idxal edilir. Bu yağlar idxal zamanı dövlət nəzarətinə cəlb olunur:
"Əvvəlcə palma yağı ilə bağlı bir məqama diqqətinizi çatdırmaq istərdim. Cəmiyyətdə palma yağı ilə bağlı kifayət qədər yanlış təsəvvür formalaşıb. İnsanlarda belə bir fikir var ki, palma yağı digər bitki yağları ilə müqayisədə daha təhlükəlidir. Əslində isə bu, belə deyil. Palma yağı da digər bitki yağları kimi insan qidası üçün yararlı yağdır. Palma yağı əsasən palma meyvəsinin lətli hissəsindən və çəyirdəyindən əldə olunur. Onun digər bitki yağlarından üstün cəhəti odur ki, xüsusilə qənnadı məhsullarının istehsalında istifadə olunan yağların qatı olması tələb edilir. Palma yağı təbii olaraq qatı yağ olduğuna görə əlavə qatılaşdırma prosesinə ehtiyac qalmır”.















