“Azexport” portalı ilə zəfəran məhsulları istehsalçısı “Absheron Saffron” şirkəti arasında işgüzar görüş keçirilib.
“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, görüşün əsas məqsədi Azərbaycanda istehsal olunan zəfəran və ondan əldə edilən müxtəlif təyinatlı məhsulların Amerika Birləşmiş Ştatları, Avropa və ərəb ölkələrinin bazarlarına çıxarılması istiqamətində birgə əməkdaşlığın qurulmasıdır.
Görüş zamanı “Made in Azerbaijan” brendinin dünyada tanıdılması istiqamətində atılan addımlar çərçivəsində Abşeron zəfəranının unikal keyfiyyət göstəriciləri ətrafında müzakirələr aparılıb. Bildirilib ki, dəniz iqlimi və yodla zəngin münbit torpaqlarda yetişdirilən Abşeron zəfəranı qlobal bazarlarda ən yüksək premium seqmentdə rəqabət aparmaq potensialına malikdir.
Əməkdaşlıq çərçivəsində “Absheron Saffron” şirkətinin istehsal etdiyi xam zəfəranla yanaşı, zəfəranlı bal, müxtəlif çeşiddə meyvə və gül mürəbbələri, kosmetik vasitələr (krem, sabun, gül vannası və s.) və digər məhsulların ixrac coğrafiyasının “Azexport” portalının imkanları vasitəsilə genişləndirilməsi nəzərdə tutulur. Görüşdə məhsulların hədəf bazarların tələblərinə uyğunlaşdırılması, qlobal e-ticarət platformalarında beynəlxalq satışının təşkili və logistika zəncirinin qurulması üzrə ortaq fəaliyyətə dair razılıq əldə olunub.












