Bu ilin birinci yarısında Azərbaycanda əhali içkilər və tütün məmulatlarının alınmasına 1 milyard 427,3 milyon manat pul xərcləyib.
Əhalinin bir nəfəri orta hesabla ayda 526 manatlıq məhsullar alıb
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, içkilər və tütün məmulatlarının alınmasına çəkilən xərc ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% artıb.
Xatırladaq ki, ötən ilin ilk yarısında əhali içkilər və tütün məmulatlarının alınmasına 1 milyard 296,1 milyon manat pul xərcləmişdi.
Bu ilin ilk yarısında bu məhsulların alınmasına aylıq orta hesabla 237,8 milyon manat xərclənib. Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,4%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.
Qeyd edək ki, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32,4 milyard manatlıq, o cümlədən 17,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4%, qeyri-ərzaq malları üzrə 6,5% artıb.















