Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz Supermarket” MMC və “Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası” İctimai Birliyi (KOBSKA) əməkdaşlığa başlayır.
FED.az xəbər verir ki, bununla bağlı “Araz Supermarket” MMC-nin İdarə Heyətinin sədri Rəşad İbrahimov ilə KOBSKA-nın İdarə Heyətinin sədri Nigar Ələsgərova arasında Əməkdaşlığa dair Memorandum imzalanıb.
Memorandum nəticəsində hər iki qurum arasında səmərəli əlaqələrin qurulacağını deyən R.İbrahimov əməkdaşlığın faydalı olacağına inandığını bildirib: “Araz” supermarketlər şəbəkəsinin filiallarında yerli sahibkarların istehsal etdiyi müxtəlif məhsullar müştərilərə təqdim olunur. Şirkətimizin prioritetlərindən biri də yerli məhsulların bazara çıxışının asanlaşdırılması, eləcə də tanıdılması və satışına daim dəstək göstərməkdir. Eyni zamanda biz “Tarladan rəfə” prinsipinə əsaslanaraq yerli fermerlərin yetişdirdiyi təzə meyvə-tərəvəzləri birbaşa sahədən rəflərə gətirərək müştərilərimizə təqdim edirik”.
KOBSKA-nın qanuni təmsilçisi N.Ələsgərova assosiasiyanın fəaliyyəti barədə məlumat verərək “Araz”la əməkdaşlıq nəticəsində uğurlu layihələrə imza atılacağına inandığını deyib. O, əməkdaşlıq çərçivəsində birgə təşkil ediləcək tədbirlər, konfranslar, yerli və beynəlxalq sərgilərdən bəhs edib.
Qeyd edək ki, “Araz” və KOBSKA arasında Əməkdaşlığa dair Memorandumda yerli və xarici təlimçilərin (ekspertlərin) iştirakı ilə müxtəlif mövzularda təşkil olunan təlimlərdə iştirak etmək, biznes check-up xidməti, mentor dəstəyindən yararlanmaq imkanları nəzərdə tutulur. Həmçinin hər iki qurum yerli və beynəlxalq investorlarla təşkil olunan görüşlərdə iştirak edəcək və ekspertlərin iştirakı ilə investisiya imkanlarının müzakirəsi üzrə birgə çalışacaqlar. Razılaşmada əsasən partnyor şirkətlərin elan etdiyi satınalmalarda iştirak imkanları, qrantlar haqqında məlumatların əldə edilməsi, banklarla əməkdaşlıq və kredit, eləcə də satış imkanlarının genişləndirilməsinə dəstək, Assosiativ üzvlük statusu (Assosiasiyanın idarə heyətində təmsil olunmaq, seçkilər prosesində tam səsvermə hüququ) və digər imkanların qazanılması öz əksini tapır.
Tədbirin sonunda R.İbrahimova “Araz Supermarket” MMC-nin KOBSKA-ya üzvlük Şəhadətnaməsi təqdim olunub.