“Araz” supermarketlər şəbəkəsinin “Tullantıdan yarat” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
FED.az xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - “COP29”un ölkəmizdə keçirilməsini nəzərə alaraq təşkil olunan müsabiqənin məqsədi ekoloji məsələlərə diqqət çəkmək, tullantıların təkrar emalını təşviq etməkdir.
Mükafatlandırma mərasimində çıxış edən şirkətin İdarə Heyətinin sədri Rəşad İbrahimov Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini xatırladıb. O, bildirib ki, həmin prioritetə uyğun olaraq ətraf mühitin qorunması, yaşıllıqların bərpası və artırılması, dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərə “Araz” supermarketlər şəbəkəsi də öz töhfəsini verir: “Şirkətimiz hər il olduğu kimi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində də öz ənənələrinə sadiq qalaraq həyata keçirdiyi ekoloji tədbir və layihələrini davam etdirib. “Araz” bu il təbiətin qorunması və ətraf mühitin mühafizəsi istiqamətində “Təbiəti qorumaq mənim əlimdədir” şüarı altında ağacəkmə və təmizlik aksiyaları, ekoçantalardan istifadənin təşviqi layihələri, batareyaların, plastik və şüşə butulkaların toplanılıb təhvil verilməsi tədbirləri ilə bu sahəyə töhfə verib”.
Tədbirdə “Tullantıdan yarat” müsabiqəsinin qalibləri mükafatlandırılıb. I yeri qazanan iştirakçıya 1500, II yerə 1000, III yerə layiq görülənə 500 AZN dəyərində pul mükafatı, eləcə də 11 iştirakçıya “Həvəsləndirci” mükafat və sertifikat verilib.
Qeyd edək ki, “Tullantıdan yarat” müsabiqəsinə təqdim olunan əsərlər “Təbiəti birlikdə qoruyaq” mövzusunda olub. Əsərlərdə plastiklər, şüşələr, metal qablar, kağız tullantılar, kartonlar və digər təkrar emal olunan materiallardan istifadə edilib. Münsiflər heyəti tərəfindən seçilən əl işləri “Araz”ın baş ofisində sərgilənib.