Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi ölkəmizdə inklüziv cəmiyyət quruculuğu istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərir.
Belə ki, “Araz” supermarketlər şəbəkəsi həssas qrupa daxil olan işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsinə böyük töhfə verir.
“Araz”da həssas qrupdan olan 300-dən çox əməkdaş çalışır
“Araz”ın İnsan Resursları Biznesə Dəstək Direktoru Pərviz Qasımovun sözlərinə görə, hazırda Azərbaycanın böyük işəgötürənlərindən biri olan “Araz”da xüsusi həssas qrupa aid 300-dən çox şəxs çalışır: “İkinci və üçüncü dərəcəli sağlamlıq imkanları məhdud şəxslər, məcburi köçkünlər, müharibə veteranları, müharibə iştirakçıları və ərazi bütövlüyü uğrunda xəsarət alan şəxslər “Araz” komandasının üzvüdür. Onlar mağaza müdiri, administrator, bölgə müdiri, baş elektrik, baş satıcı, kassir, müxtəlif strukturlar üzrə şöbə və bölmə müdiri, eləcə də mütəxəssis vəzifələrində çalışırlar. “Araz” ailəsi olaraq əsas məqsədimiz inklüziv cəmiyyətə töhfə vermək, həssas qruplar üçün yeni iş imkanları yaratmaqdır”.
Həssas qrupdan olan şəxslər təlimlərə cəlb edilir
Həssas qrupa daxil olan “Araz” əməkdaşlarının peşəkarlıq göstəricilərinin yüksəldilməsi məqsədilə mütəmadi olaraq təlimlər, təcrübə proqramları və kurslara cəlb edilirlər. Onlar arasında 15-i qazi olmaqla, 200 nəfərə yaxın İkinci Qarabağ müharibəsi iştirakçısı da var. Bu əməkdaşların yeni bilik və bacarıqlar əldə etməsi üçün onlara Böyük Britanyanın Maliyyə Menecerləri Assosiyasiyasının rəhbəri Prins Maykl Kentin şəxsi imzası ilə beynəlxalq təlimlərə qoşulmaq imkanı yaradılıb. Həmçinin “İnsan resurslarının idarə olunması” ilə yanaşı “İşgüzar etiket”, “Sahibkarlığın inkişafı” təlimlərinə cəlb ediliblər.
“Araz” inklüzivlik və bərabərlik imkanları yaratdığına görə mükafatlandırılır
Görülən işlərin nəticəsidir ki, “Araz” həssas qruplarla bağlı ötən il həyata keçirdiyi tədbirlərə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən mükafatlara layiq görülüb. Şirkət “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş”, “Qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” və “Gənclərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyalarında təltif olunub.