Dubay hava limanındakı rüsumsuz ticarət zonasında (Duty Free) satışa çıxarılan məşhur Dubay şokoladı aprel ayında əsl qazanc mənbəyinə çevrilib.
«Dubay şokoladı»nın məşhurlaşması - DÜNYADA PÜSTƏ QITIĞI YARADIB – QİYMƏTİ YÜKSƏLDİB
FED.az xəbər verir ki, yalnız bu məhsuldan əldə olunan gəlir 7,84 milyon ABŞ dolları təşkil edib ki, bu da gündəlik təxminən 274 min dollar satış deməkdir.
Bu təsirli rəqəm Duty Free mağazasında satılan bütün məhsulların - ümumi 195,4 milyon dollarlıq satış həcminin təxminən 4 faizinə bərabərdir. Bu nəticə ilə aprel ayı, Dubai Duty Free-nin 1983-cü ildən bəri ən yaxşı dördüncü ayı kimi tarixə düşüb.
Şokolad, xüsusilə də püstəli və “künəfə” dadlı variantları, alıcıların əsas maraq mərkəzinə çevrilib. Hazırda Dubai Duty Free-də ən azı beş brend bu şokoladları təqdim edir, və bu brendlər birlikdə gündəlik 1 milyon ədəd satışa cavab verir.
Ötən ay Dubay Duty Free-də ən çox alış-veriş edən millətlər arasında hindistanlılar liderliyi qoruyub – onların ümumi xərcləri 19,76 milyon dollar təşkil edib. Onları 14,97 milyon dollarla rusiyalı turistlər, ardınca isə Səudiyyə Ərəbistanı (14,03 milyon dollar), Çin (10,75 milyon dollar) və Böyük Britaniya (9,92 milyon dollar) vətəndaşları izləyib.
Dubai Duty Free-nin rəhbərliyi satış göstəricilərinin ildən-ilə artmasını, məhsul çeşidlərinin zənginləşdirilməsi və viral şokolad məhsullarının uğuru ilə əlaqələndirir.
Dubay şokoladının bu qədər məşhurlaşması, görünür, sadəcə dadı ilə deyil – sosial mediada yaratdığı trend və gündəlik satış həcmi ilə də ağızlarda şirin dad buraxır.