2026-ci ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə ixrac olunan əsas qeyri-neft məhsulları açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) açıqladığı “İxrac icmalı”nın may sayına istinadən xəbər verir ki, bu dövrdə ölkədən ən çox ixrac olunan məhsul qızıl, pambıq və mis filizləri olub.
Belə ki, bu dövrdə xaricə 131,1 milyon dollarlıq qızıl, 92,9 milyon dollarlıq pambıq, 87,9 milyon dollarlıq mis filizləri satılıb.
Ötən ilin eyni dövrünə nisbətən qızıl ixracında 35,7 milyon dollarlıq (37,4%), pambıq ixracında 31,4 milyon dollarlıq (51,1%), mis filizləri ixracında 81 milyon dollarlıq (12,7 dəfə) artım olub.
Ən çox ixrac olunan malların siyahısında növbəti yerləri fındıq (79,3 milyon dollar), pomidor (75,1 milyon dollar) və polietilen (42,5 milyon dollar) tutur. Fındıq ixracında ötən illə müqayisədə 25,9 milyon dollar (48,5%), pomidor ixracında 0,4 milyon dollar (0,5%), polietilen ixracında 12,7 milyon dollar (42,6%) artım olub.
Azərbaycanın xaricə ixrac olunan bəzi məhsullarda geriləmə olub. Belə ki, ağ şəkər və kimyəvi cəhətdən təmiz digər saxaroza ixracı 54,6 milyon dollar (2,5 dəfə) azalaraq 37,4 milyon dollara, karbamid ixracı 3,4 milyon dollar (8,5%) azalaraq 36,4 milyon dollara, alma ixracı 29 milyon dollar (45,7%) azalaraq 34,5 milyon dollara düşüb.














