Peşəkar biznes idarəçisi Fəxri Ağayev Azərbaycanda insanların bir hissəsinin öz xərclərini düzgün bölüşdürməməsi, gəlirlərni israf etdikləri barədə fikirlərini bölüşüb.
FED.az xəbər verir ki, F.Ağayev yazır:
AFAQ maaşını səbirsizliklə gözləyirdi. Hər ayın beşində maaşını alıb ilk öncə rəfiqələri ilə kafeyə gedirdi.
Öncə çay içirdilər – sonra yunan salatı – sonra moxito içirdi – sonra fachitos – sonra künefe dondurma və çayla. Gülürdülər, danışırdılar, əylənrdilər.
Amma hər sifarişdə beynində hesablama aparırdı.
Çayın stəkanı 1 manat 50 qəpik... 2 stəkan çaya bir paket çay almaq olardı və bu da evdə 2 həftə bəs edərdi...
Yunan salatı 8 manata. Bildiyin göyərtili salat. 8 manatlıq heç nə də yox idi içində.
Moxito... 6 manata. Yaşıl soyuq su, içində bir parça göyərti və buz. 6 manata 3 ədəd 2 litrlik Cola almaq olar. Bütün ailə də içərdi. Künəfə. 7 manata. Yenə çay – 1.50.
Beynində maaşı və bir dəfəyə restoranda xərclədiyi pul müqaisəsi vardı. 350 manat maaş və 33 manat hesab. Evə edə biləcəyi bir bazarlığı xərcini 1 dəfəyə kafedə xərclədi. Özünü günahkar hiss edirdi.
Telefonun aylıq kredir ödənişi də 70 manat idi. Ən son telefonu almışdı.
Rəqəmləri düşünərək özünü günahkar hiss edib zövq ala bilmirdi yeməklərdən.
Amma bütün bunlara baxmayaraq çəkdikləri fotolarda rəfiqələri ilə çox xoşbəxt görünürdülər.
Ritualın əsas məqamı da məhz elə bu idi – hiss etmədiyi xoşbəxtliyi instagramda göstərmək.
Və ayın sonuna qədər növbəti maaşı alana qədər günləri saymaq.
Afaqın instagramdakı izləyicilərinin bəziləri onun kef içində yaşadığını düşünərək ona paxıllıq edirdilər.
Afaq ayda yaşadığı bir günün dadını yüksək xərc olduğuna görə çıxara bilmirdi və xoşbəxt deyildi.
Afaq kimi olmağı bacarmayanlar da ona paxıllıq edərək onun gözəl həyatının özlərində olmadığına görə xoşbəxt deyildilər.
Cəmi bir insanın göstərişi özünə də, ətrafında da təsir edirdi.
FUADIN 26 yaşı vardı. Banklardan birində kredit mütəxəssisi işləyirdi.
Ayın 2.də maaşılı alırdı - 700 manat. Və dərhal 400 manatını banka ödəyirdi – aldığı avtomobilin krediti ödənişi. Beş illik kreditlə yeni avtomobil almışdı və maaşını böyük hissəsini kredit üçün ödəyirdi. Ayda ən az 200 manat da benzinə xərclənirdi. Özünə qalan məbləğ cəmi 100 manat idi Fuadın.
Ciddi maddi çətinlik içində yaşayırdı. Ayın 20.dən sonra naharda ancaq 1 manatlıq dönər yeyə bilirdi. Gənc olmasına baxmayaraq çədəsində ağrılar başlamışdı. Anasına ani əməliyyat lazım olanda borclanmağa məcbur qalmışdı.
Amma həyatı daimi stres içində idi. Və bu stresin ən az 5 il ərzində davam edəcəyini bilirdi.
Ətrafında uğurlu bir insan sayılırdı -banka işləyirdi, işə kostyum-qalstukla gedirdi, bahalı avtomobili də vardı. Həftədə ən az bir dəfə tik-tokda video paylaşırdı – şən müsiqi ilə gecə Bakıda avtomobilin salonu.
Bahalı avtomobili ilə özünü bədbəxt hiss edən Fuadın ətrafında olanlar o avtomobilə malik olmadıqlarına görə Fuada paxıllıq edir və özlərini xoşbəxt hiss etmirdilər.
Daxili xoşbəxtliyi olmadan BAŞQALARINA GÖRƏ YAŞAYANLAR CƏMİYYƏTİNDƏ insanların ayaqlarını yorğanlrına görə uzada bilməmələri həyatın onlara verdiyi gözəllikləri görmədən özlərini bədbəxt hiss etmələri ilə nəticələnir.
Həyat gözəldir.
Kiçik məqamları ilə.
Onları görmədən özünü cəmiyyətə mənasız mövzularda sübut etməyə illərini xərcləyənlər daim narahat və narazı olacaqlar.