Son vaxtlar dolların avro və digər valyutalar qarşısında ucuzlaşmasının səbəbi, ABŞ Mərkəzi Bankı sayılan - FED-in apardığı siyasət və onun nəticəsində dollar sərmayələrinin gəlirliliyinin aşağı düşməsi, Avropada isə əks prosesin başlamasıdır.
Eləcə də bax: Qızılın qiyməti rekord vurdu – Artım Davam Edəcək
Belə ki, Avropa ölkələrinin apardığı ümumi siyasət nəticəsində birlik ölkələri böhranın təsirini birgə qarşılayacaqlar və bu da avroya inamı artırıb. Nəticədə avro dollar qarşısında bahalaşmaqdadır.
FED.az xəbər verir ki, bu barədə maliyyə və investisiya bazarları üzrə ekspert Fariz Hüseynli bildirib. Ekspert yazır:
«Dollar niyə düşür, qızıl və avro niyə qalxır? Birincisi, valyutaya təsir edən amillərdən biri onun nə qədər faiz qazandırdığıdır. 2014-2015-ci ildən 2018-ə qədər FED-in faiz artırma siyasəti nəticəsində inkişaf etmiş ölkələr arasında yüksək faizli valyutalardan biri dollar idi. Sonrakı dövrdə FED faiz azaltsa da yenə hədd o biri ölkələrlə müqaisədə yüksək idi. Mart ayında isə FED faizləri sıfıra endirdi və dövlətin borc kağızlarının faizlərini tam idarə edir. Deməli nisbət olaraq dollarda faiz qazanma imkanı əvvələ baxmış azdır. Real olaraq yəni inflyasiyadan sonra qazanma yox, itirmə halı var indi.
İkincisi, valyutaya təsir edən amil o valyutanın təklifidir. Təklif olaraq FED-in bazara Xəzinənin borcunu maliyyələşdirmək üçün verdiyi vəsait hamıya aydındır. Bu ilin sonuna qədər bunu azı bir dəfə də təkrarlayacaq – Konqresdən seçkiyə qədər ikinci stimul paketi keçəcək.
Üçüncüsü, Avropa Birliyi ortaq borclanma qərarı verdi – birlik olaraq ilk dəfədir belə hal baş verir. Yəni Avropa Birliyinin dağılacağı gözləntilərini geri plana atdı və əksinə birlik olaraq 27 ölkənin problemlərini aradan qaldırmaq üçün daha çevik olacaqlarını göstərdi. Bu da avronun gələcəyinə olan optimizmi artırır. Avro artanda dollar indeksi düşür çünki indeksin yarısı avronun əks etdirir.
Dördüncüsü, 2008-2009-dakı pul siyasətindən fərqli olaraq, indiki pul siyasəti sırf maliyyə sahəsi üçün deyil, həm də real iqtisadiyyat üçün ayrılıb. Düzdür, 2008-dən sonra banklar əksinə daha kiçildi və səhmləri nisbətən çox pis nəticə göstərdi, ancaq buna baxmayaraq onda maliyyə bazarları inflyasiyası olmuşdusa, indi real sektora ayrılan vəsaitlərin (hər nə qədər buna layiq olmayan təbəqə və şirkətlər də alsalar belə) inflyasiya təsirini artıracağını görürük. Müasir Pul Nəzəriyyəsinin (MMT bu barədə yazmışdım, çox da müasir deyil amma yüz faiz indi populyardır) hazırda effektiv olaraq icra edildiyini demək olar. Hətta FED rəhbəri belə deyir ki, biz inflyasiyanın artmasına müəyyən qədər şərait yaradağıq. İnflyasiya onsuz da var idi, ancaq daha çox təhsildə, sağlıqda və peşəkar xidmətlərdə. İndi daha geniş inflyasiya yaratmağa çalışırlar.
Bütün bunların fonunda, pul harasa getməlidir deyib səhm bazarlarında pandemiyadan qazançla çıxan texnologiya şirkətlərinə və qızıla gedir. Həm inflyasiyadan qorunma məqsədi var (gözləntilər dəyişə bilər əlbəttə), həm çox aşağı olan bond bazarlarından əlini üzənlərin qızıla meyl göstərməsi var, həm də səhm bazarında momentumdan geridə qalmamaq istəyi var. Qızılda artım təkcə dollara nisbətdə deyil, həm də avroya nisbətdədir.
Ancaq fikir verin ki, dollar zəifləyəndə Amerika səhm və bond bazarlarına meyl artır, səhmlərin qiyməti artır, bondların faizi azalır. Arada həm də dollar qalxır. Görək bu nə vaxt baş verəcək, amma belə görünür dollar bazarında seçkilərə qədər zəifləmə trendi davam edəcək, çünki seçkilərə qədər indiki ritorikada dəyişiklik olası deyil».