Son illərdə Türkiyənin texnoloji startapları Avropa və qlobal bazarda inamla böyüməkdədir. Artıq onlayn pərakəndə satışlarda ən maraqlı ideyalar Silikon Vadisindən yox, İstanbuldan səslənir.
Eləcə də bax: Silikon Vadisinin yeni «mirvari»si – SANİYƏDƏ 5 MİN ƏMƏLİYYAT
FED.az xəbər verir ki, Türkiyənin uğurlu startapları haqqında qısa araşdırma aparılıb.
Cəmi 7 ildir fəaliyyət göstərən ərzaq çatdırılma xidməti “Getir” təkcə bu il investorlardan 1 milyarddan çox sərmayə alıb. 2018-ci ildə hamının rədd cavabı verdiyi şirkət bununla da bazar dəyərini 7,5 milyard dollara çatdırıb. Nəticədə “Getir” Avropanın Deliveroo və Grubhub kimi çatdırılma xidmətlərindən, eləcə də Böyük Britaniyanın WM Morrison və Marks and Spencer kimi iri supermarket şəbəkələrindən daha dəyərli şirkətdir.
Digər bir uğurlu şirkət 2010-cu ildə onlayn dəbli geyim satışı platforması kimi qurulan “Trendyol”-dur. Daha sonra ərzaq çatdırılma xidmətini də biznesinə əlavə edən şirkət bu həftənin əvvəli cəlb etdiyi 1,5 milyard dollar maliyyələşmə ilə bazar dəyərini 17 milyard dollara yaxınlaşdırıb. Trendyolun ən böyük səhmdarı Çinin e-ticarət nəhəngi Alibaba-dır.
“Hepsiburada” 2000-ci ildə onlayn ticarət platforması Amazonun Türkiyə analoqu kimi yaradılıb. Ötən ay Nasdaq birjasında IPO-ya çıxan şirkətin bazar dəyəri hazırda 4,4 milyard dollardır.
Türkiyəli mobil oyun proqramçılarının 2010-cu ildə qurduğu şirkət Peak Games ötən ilin iyununda ABŞ-ın ən iri oyun şirkətlərindən biri Zynga-ya rekord məbləğə - 1,8 milyard dollara satılıb.
Daha bir mobil oyun şirkəti Dream Games isə 2019-cu ildə yaradılsa da, artıq bu yay dəyəri 1 milyard dolları ötüb. Candy Crush Saga kimi məşhur oyun proqramçısı King şirkəti Dream Games-in əsas investisiya dəstəkçisidir.
Ötən günlərdə isə, məşhur "Angry Birds" oyununun yaradıcısı olan Finlandiyanın oyun şirkəti "Rovio", Türkiyənin oyun şirkəti "Ruby Games"i 100% almaq üçün müqavilə imzalayıb. (Marja)