Diqqət: Bu material FED.az-ın sifarişi ilə hazırlanıb və digər resurslarda yayılması – QƏTİ QADAĞANDIR!
Virtual dünyanın imkanları günü-gündən genişlənir. Son dövrlərin diqqət çəkən platformalarından biri isə metaverslərdir. Azərbaycanlıların qurduqları “Keepface” startapı “Metainfluence” adlı metavers platforması yaradıb. “Metainfluence” bu ilin əvvəlində 3 milyon investisiya da aldı. Layihə barədə startapın təsisçilərindən olan Vaqif Abbasov ilə söhbətləşmişik. Onunla layihələri, metaverslə bağlı hər kəsdə sual yaradan məqamlar haqqında söhbətləşmişik.
37 milyon dollarlıq Azərbaycan startapının sahibi: “Şərikim dedi, bu bizdə alınan deyil” - MÜSAHİBƏ
- Kriptovalyuta sahəsinə də keçdiyinizi qeyd etmişdiniz, “Keepcoin” yaratmışdınız. Onunla bağlı vəziyyət necədir?
- Biz texnologiya şirkətiyik. Şirkət olaraq həmişə çalışmışıq ki, yeni texnologiyaları istifadə edək. Son trend isə blokçeyn idi. Hansı ki, bütün dövlətlər, böyük şirkətlər bunu istifadə edirlər. Fikirləşdik ki, blokçeyni öz platformamızda tətbiq edək. Biz 40 ölkədə satış edirik və bu ölkələrdən əldə etdiyimiz məbləğin böyük hissəsini influnserlərə ödəməliyik. Və bizim influnserlər 100 ölkədəndir. 40 ölkədən topladığımız pulu 100 ölkədən olan influnserlərə ödəməliyik. Burda zaman itkisi, bankların komissiya haqları və s. olur. Bəzi ölkələrin ümumiyyətlə, bank sistemi yoxdur, ora pulu göndərə bilmirsən. Buna görə də müəyyən çətinlik yaşanır. Biz 2018-ci ildən bu proyektə başlamışıq ki, bu sistemi içimizdə necəsə asanlaşdıraq. Emin (startapın təsisçisi) investisiya toplamışdı, Elşad (startapın təsisçisi) Ethereum üzərində kriptovalyutamızı yaratmışdı, “whitepaper”imizi hazırlamışdıq, ICO tarixini dəqiqləşdirirdik. “Keepcoin” ideyası onda başlamışdı. Biz burda blokçeyn SMART Kontrakt (Ağıllı müqavilələr) tətbiq etmək istəyirdik. Lakin sonra həm influnserlərdən aldığımız rəylərdən, həm də məsləhətçilərimiz dedilər ki, metavers, NFT, market place (bazar yeri) tərəfdə daha çox ehtiyac var. Biz də keepcoin proyektimizi bir növ rebrendiq etdik, adını dəyişdik. Dedik ki, 4-5 ildə influnser marketinqdə etdiyimizi indi metaversə transfer edək. Yeni bir dünya - “Metainfluence” metaverse dünyası inşa edirik. Yəni, biz hansısa metaversdə öz xidmətlərimizi satmırıq, influnserlər üçün özümüz metaverse yaradırıq. Metavers platformaları blokçeyn sistemi ilə işləyir. Ordakı ödənişlər kriptovalyuta ilə edilir. Yəni kriptovalyutamız da burda işləyəcək.
- “Metainfluence” layihəniz qlobal şirkətlərdən investisiya alması ilə gündəmə gələndə, layihə ilə bağlı çox sual yazıldı. Necə bir platforma yaradılır? – sualı heç də hər kəsə tam aydın deyil.
- Bu, əslində sadə bir şeydir. Bizim illərlə gördüyümüz “Roblox” kimi oyunların bir formasıdır. 2D formatında olan “Facebook”, “Instagram” kimi platformaların 3D formatında olan təzahürüdür. Yəni, “Facebook”da da sosiallaşma var, orda dostlarınızın paylaşımlarını bəyənirsiniz, rəy yazırsınız, onların məlumatlarını paylaşırsınız. Metaversdə də eyni proseslər 3D üzərindən baş verir. İndi “Facebook”da profilinizlə daxil olub paylaşımları görürsünüz, metaversdə isə 3D eynəkləri taxmaqla virtual dünyanın içinə düşürsünüz. Sadəcə, orada real həyata daha yaxın hiss etdiyiniz üçün daha maraqlıdır. Virtual eynəklər olandan sonra sən o həyatın içinə girirsən. Hazırda müxtəlif metavers platformaları yaranır. Hər kəs öz maraq dairəsinə uyğun metavers platformaları seçib qeydiyyatdan keçir. Qeydiyyatdan keçəndə orda öz avatarını (Facebookda profildir, burda avatar) yaradır. Onun necə bir görünüşdə olmasını özü seçir. Bu platformada öz avatarlarınız vasitəsilə iştirak edirsiniz. Öz avatarınız vasitəsilə orda digər şəxslərlə söhbət edirsiniz, tədbirlərə qatılırsınız. Yəni bir düyməni basmaqla gəlib bizim platformadakı bir evdə öz dostlarınızla söhbət edə bilərsiniz. Yaxud da başqa bir toxunuşla hansısa səhnəyə gedib orda uçan maşınla hardasa gəzə bilərsiniz. Metaversin nə olduğunu daha yaxşı başa düşmək üçün “Ready player one” filminə baxa bilərlər.
- “Metainfluence” digər metaverslərdən nə ilə fərqlənəcək?
- İndi dünyada bir neçə metavers var və yeniləri də yaranır. Bizimkinin fərqinə gəlincə, bizdə influnser marketinq platformasıdır. “Keepface” şirkətlərlə sosial şəbəkədəki reklam edənlərin əlaqələndirmə platformasıdır. Bu platforma isə artıq metavers üzərindən influnserlərə daha çeşidli xidmət göstərməyə imkan verəcək. İnflunserlər burda öz izləyiciləri üçün tədbirlər keçirə, sevdiyi brendlərin məhsullarından ibarət mağaza açıb və s. edə bilərlər. İnflunserlərə yeni bir imkan yaradırıq ki, onlar həm öz izləyiciləri ilə daha yaxşı ünsiyyətdə olsunlar, həm də daha yaxşı pul qazanma imkanları olsun.
- Bu platforma sırf influnserlər üçün olacaq?
- Burda hər kəs qeydiyyatdan keçib meta influnser ola bilər. Necə ki indiki sosial şəbəkələrdə kimi izləyici olaraq qalır, kimi influnser kimi istifadə edir, orda da elə olacaq.
- İnflunser kimi deyil, izləyici kimi daxil olanda, otağa ehtiyac var?
- İzləyici olacaqsansa, sadəcə qeydiyyatdan keçib otaqları ziyarət edirsən, tədbirlərə qatılırsın. Otağın olub-olmaması fərq etmir. Amma influnser olmaq istəyirsənsə, otağın olmalıdır, çünki dizayner olaraq yaratdığın şəkilləri sərgi salonunda göstərməyə bir yerin olmalıdır və yaxud da sevdiyin əşyaları orda öz auditoriyana satmaq istəyirsənsə, onun üçün alış-veriş otağın olmalıdır.
- İndi gələk əşya almaq məsələsinə.
- Fiziki və virtual əşyalar deyə qruplaşdıraq. Var fiziki əşyalar, siz bu platformadakı satıcının mağazasında həmin əşyaların 2D formasında şəkillərinə baxıb sifariş verirsiniz, o, evə gəlir, özünüz istifadə edirsiniz.
ABŞ-ın böyük pərakəndə satış şəbəkəsi olan “Walmart” metavers platformasında supermarket açıb. Ora girirsiniz, əlinizdə araba ilə gəzirsiniz, istədiyiniz məhsulları virtual olaraq seçib arabanıza əlavə edirsiniz. Sonda aldığınız metaversdəki məhsullar sizin realda evinizə gəlir. Yəni, metaversdəki hansısa bir hərəkətlilik fiziki həyatda da tamamlanır.
Bir də NFT deyilən virtual əşyalar var. İnsanlar metaversdə istifadə etmək üçün belə əşyalar alırlar. Virtual əşyalar isə avatarınız üçündür. Sizin bu platformada qatıldığınız avatarınız üçün geyim, ayaqqabı, yaxud hansısa digər əşyalar, aksesuarlar almaq imkanınız olur. Avatarın geyimləri də ödənişlə olacaq. “Adidas”, “Gucci”, “Nike” kimi böyük şirkətlər artıq metaverslerdə satılan virtual məhsullar istehsal edirlər. Yəni, “Adidas”ın futuristik sport ayaqqabıları var. Bu virtualdır. Virtualda hansısa tədbirə gedəndə “Nike”ın virtual ayaqqabılarını geyinib o tədbirə qatılırsan. Geyimlər də həmçinin. Həyatda hansısa konsertə qatılanda necə ki, istəyirsiniz yaxşı geyinəsiniz, bahalı sumka daşıyasınız. Orda da eyni hadisələr baş verir. Məsələn, “Gucci”nin sumkası ilə getmək istəyirsiniz, hamı görür ki, o sumka ilə gəldiniz.
Hazırda bir çox virtual oyunda özünüzə geyim, maşın və s. ala bilirsiniz. Metaversdə də bu mümkündür.
- Bu əşyaların qiymətləri necə olur?
- Bu əşyalar ucuz olmur. Hətta həyatda olan real, fiziki məhsullardan baha ola bilir.
- Bu artıq dəbdəbəli bir yer olacaq, daha çox pul xərclənəcək.
- Əslində həyat elə onun üstündə qurulub. Niyə “İphone 12” çıxanda dərhal gedib onu alırlar? Bəlkə də heç funksiyalarından istifadə etmirlər. Amma ətrafdakılar görsün ki, mən artıq “İphone 12”yə keçmişəm. Bizim bahalı geyinib, bahalı maşın sürməyimiz (Maşın indi təkcə a nöqtəsindən b nöqtəsinə aparmaq üçün deyil) həm də göstəriş alətidir. Orda da eyni hadisələr baş verir.
Yeri gəlmişkən, bir neçə həftə əvvəl «MetafluenceCity»də kim istəyir öz yerini satın alsın deyib, əmlak xəritəsini hamı üçün açmışdıq. Məlum oldu ki, real həyatda olduğu kimi, burada da hamı sahildə yer alıb, sahildə yer qalmayıb. Halbuki, real həyatda sahildə yeri təmiz havasına görə alırıq, virtualda belə ehtiyac yoxdur. Yəni real həyatda necəyiksə, virtualda da eləyik.
- Ödənişlərin hamısı kriptovalyuta ilə ediləcək?
- Bəli, bizim metaversimizin pul vahidi METO-dur.
- Bu sektorun gələcəyi ilə bağlı nələri düşünürsünüz?
- Metavers plaftormalarının gələcəyinin necə olacağını hələ heç kim bilmir. Bəlkə də iki ildən sonra tamam başqa bir formaya keçəcək. Biz sadəcə trendi izləyirik. “Facebook” öz adını dəyişib “META” qoyur. Artıq uzun illərdir üzərində işlədiyi metavers layihəsinə milyardlarla yatırım edir. “Microsoft” öz metavers platformasını qurmaq üçün ən son 69 milyard yatırım edib. Yəni, böyük şirkətlər, trend hardadırsa, çalışırıq ki, biz də orda olaq.
- Ancaq bu kimi layihələrin gələcəyinin çox olmayacağını deyənlər də var.
- Metavers plaftormalarını balon adlandıranlar da var. Deyirlər ki, bu bir partlayış kimi olacaq, ortada heç nə qalmayacaq. Biz o riskləri gözə alaraq bu işə başlamışıq. Amma bizdən ağıllı adamlar bu yolla gedirlərsə, məsləhətçilərimiz tövsiyə edirlərsə, biz də gedirik.
Elşad Yusifli: Ümumiyyətlə, yeni texnologiyalar yarananda onlara həmişə iki tərəfdən yanaşırlar. Bir qisim uğurlu olacağını düşünür, digər qisim isə, əksinə. Nəticəni isə zaman göstərir. Blokçeyn texnologiyasını götürək. Bitkoin 10 ildən artıqdır ki, bazardadır və həcmləri artıq trilyonla ölçülür. Blokçeyn texnologiya olaraq tamamən çox istifadəli və yararlı texnologiyadır. Ancaq yenə də bunun dövri bir şey olduğunu uzun zaman deyənlər oldu. Amma elə səviyyəyə gəldi ki, İngiltərə, Rusiya, Çin kimi ölkələrin mərkəzi bankları ölkədaxili istifadə etmək üçün milli valyutaların kripto valyutasını yaradırlar. Biz metavers platforması ilə bağlı müsbət tərəfə köklənmişik.
- Nə vaxt istifadəyə veriləcək?
- Biz komanda qurmuşuq. Məhsulumuzun ilkin formalarını təqdim etmişik. İstədiyiniz influnserin evinə girib, içində gəzib, ordakı müəyyən funksionallıqdan istifadə etmək ilkin forma olaraq nəzərdə tutulub. Burda böyük bir planetdən və müxtəlif şəhərlərdən ibarət virtual dünyada çox hadisələr baş verəcək.
- Sizcə, bu layihə üçün doğru zamandır?
- Biz bu proyektə 2018-ci ildə başlayıb, daha sonra dayandırmışdıq. Müəyyən bir yol qət etdik, sonra fikirləşdik ki, bazar buna tam olaraq hazır deyil və dayandırdıq. 2021-ci ilin aprelində təzədən qərarlaşdırdıq və 2021-ci ilin avqust aylarında başladıq.
- Sizcə, Azərbaycanda bu layihəyə maraq necə olacaq?
Elşad Yusifli: Metavers layihələrinin daha çox yayıldığı ölkələr var. Həm blokçeyn platformaları olaraq, həm metavers olaraq bəzi ölkələr daha aktivdirlər. Biz layihələri edəndən sonra bizim yığılan icmalar göstərdi ki, hansı ölkələrdə bizə maraq daha çoxdur. Elə hədəflərimiz də o ölkələrdir.
Vaqif Abbasov: Türkiyə, Rusiya, İndoneziya, Hindistan, ABŞ kimi ölkələrə daha çox hədəf götürmüşük. Azərbaycanda nəsə satmağa o qədər də hədəfləmirik.
Xüsusi olaraq FED.az üçün, Aygün Asimqızı