Azərbaycanda ilk dəfə kart vasitəsilə bəxşiş ödənilməsi sistemi fəaliyyətə başlayıb.
FED.az xəbər verir ki, ofisantlara və digər xidmət sektorunda çalışanlara müştərilərin bəxşiş verməsinə şərait yaradan bu sistemi «SoftPress» MMC şirkəti tətbiq edib. Xatırladaq ki, bir neçə gün əvvəl "Softpress" MMC-nin nağdsız bəxşiş ödəmə sistemi ilə bağlı startapına KOBİA-ya tərəfindən «Startap Şəhadətnamısi» təqdim edilib.
FED.az şirkətin direktoru Əli Babayevlə mühasibəni təqdim edir.
- Əli bəy, nağd bəxşiş sistemi dedikdə nə nəzərdə tutulur?
- Əvvəla qeyd edim ki, «SoftPress» MMC Azərbaycanda təsis edilmiş və artıq bir neçə layihələrə imza atmış IT şirkətidir. Nağd bəxşiş ödəmə sistemi layihəsi də «SoftPRess» MMC-nin layihələrindən biridir. Bu sistem insanlara nəğdsiz şəkildə bəxşişlərin ödənməsi imkanı yaradır. Belə ki, restoranlara, iaşə obyektlərinə gələn qonaqlar üzərində nağd vəsait olmadığı hallarda da onlara xidmət göstərən əməkdaşların (ofisiantın) xidmətini dəyərləndirib kart vasitəsi ilə onlara bəxşiş (çay pulu) ödəmə imkanına malik olurlar.
- Nəğd bəxşiş sistemi ideyası necə yarandı?
- Artıq dünya praktikasında belə xidmətlər mövcuddur. Avropa və Rusiya bazarlarında artıq bir neçə ildir ki, belə xidmət növü fəaliyyət göstərirdi. Biz də komandamızla bazar arşadırması edərək aydınlaşdırdıq ki, Azərbaycanda bu tip xidmət növü yoxdur və bizdə bu layihənin yaradılması ideyası formalaşdı. Qərara gəldik ki, bu xidməti yerli bazar üçün də yaradaq və insanların istifadəsinə verək.
- Bu sistemdən harada və kimlər necə istifadə edə bilər?
- İlkin mərhələdə biz layihəmizi hələlik iaşə obyektlərində, yəni bütün restoran və kafelərdə istifadəsini nəzərdə tutmuşuq. Lakin gələcəkdə planlarımızda otel xidmətləri frilanserlər, kuryerlər üçün də sistemin istifadəyə verilməsi nəzərdə tutulub və hal-hazırda bu istqamətdə işlər gedir.
-Sizcə, bu xidmətdən istifadəyə nə qədər ehtiyac var?
-Son illərdə ölkəmizdə nağdsız ödəniş dövriyyəsinin artırılması üçün addımlar atılır. Həm dünyada, həm də ölkəmizdə insanların bir çoxu ödənişləri kart vasitəsi ilə edir. Əhalinin təxminən 95%-dən çoxu əmək haqlarını kart vasitəsi ilə əldə edir. Bütün bunları nəzərə alaraq layihəyə günü-gündən ehtiyacın artacağını düşünürdük.
- Xidmətə qoşulmağın şərtləri necədir?
- Qeyd etdiyim kimi, biz ilkin olaraq bu xidmətin restoranlarda istifadəsini nəzərdə tutduq. Hal hazırda ilk yüz restoran üçün qoşulma pulsuzdur.Heç bir aylıq qoşulmaq haqqı tələb olunmur.
- Amma bəxşiş ödəmə zamanı komissiya haqqı tutulacaq, eləmi?
- Bəli, komissiya haqqı mövcuddur. Komissiya xərcini bəxşiş ödəyən şəxs əgər ödədiyi bəxşiş tam məbləğdə xidmət göstərən əməkdaşa çatsın, bu zaman təyin olunan komissiya məbləğinin ödənilməsini öz üzərinə götürür, əks halda komissiya xərci ödədiyi bəxşiş məbləğindən çıxılacaq. Komissiya xərclərinə bankın köçürülmə üzrə nəzərdə tutulan ekvayrinq xərcləri daxildir.
- «Bəxşiş vermə» prosesi necə həyata keçirilir?
- Bəxşiş vermə proesi çox sadədir. QR kodu skan etməklə bank kartı vasitəsilə xidmət göstərən əməkdaşa bəxşiş ödəmə həyata keçirilir. Eyni zamanda bəxşiş ödəyən zaman xidmətin bəyənilməsini və ya bəyənilməməsini dəyərləndirmək üçün şərh yazmaq imkanı da yaradılır.
– Bu layihəyə kənardan investorlar cəlb olunurmu və ya gələcəkdə cəlb oluna bilərmi?
- İnvestisiya ilə bağlı demək istərdim ki, SoftPress MMC olaraq IT layihələri həyata keçirən şirkət olduğumuzdan proqram təminatına qoyulan investisiyanı dəyərləndirmək çətin olacaq. Bu qeyri-İT sahəsindən olan investorlarla müqayisədə fərqlidir. Çünki, biz bunu öz resurslarımız hesabına etmişik və edirik. Gələckdə hər hansı investorların cəlb olunması layihəyin gedişatından asılıdır və ehtiyac yarandığı tədqdirdə niyə də olmasın.
- İstifadəçi sayı haqqında nə deyə bilərsiniz?
-Hal-hazırda biz üçüncü həftədir ki, aktiv fəaliyyətə başlamışıq. Bu müddət ərzində şəhərin 9 restoranında xidmətimiz fəaliyət göstərir. Razılıq bildirərək, xidmətimizə qoşulma prosesində daha 5 restoran var. Ümumilkdə qeyd olunan müddət ərzində xidmətdən istifadə sayı yüzdən artıqdır. Bura bəxşiş verənlərlə yanaşı sadəcə xidmət göstərən əməkdaşın xidmətini dəyərələndirib şərh yazan meştərilər də daxildir.
- Restoranlar sizin sisteminizə hansı qayda ilə qoşulurlar?
- Restoranlar bizim sistemimizə qoşulmaq üçün öz əməkdaşlarının siyahısını və lazım olan məlumatlarıbizə göndərirlər. Həmin əməkdaşlar üçün sistemimizdə şəxsi kabinet açırıq. Bundan əlavə restoran rəhbərliyi üçün admin üçün şəxsi kabinet açılır. Bütün statistik məlumatları admin görə biləcək. Verilən bütün bəxşişləri. Müştərilər tərəfindən yazılan müsbət və mənfi rəyləri, dəyərləndirmələri və s. Bunların hamısını restoran rəhbərliyi admin paneldə görə bilir.
- Şəxsi kabinet açıldıqdan sonra nə baş verir?
- Restoranlardan bizə təqdim olan əməkdaşların siyahısı üzrə şəxsi kabinet açdıqdan sonra onların hər birinə QR kod generasiya olunur bizim sistem tərəfindən restoranlara təqdim olunur. Qoşulan restoranlardan Sunrise Lounge, , Malacanes, Metropol Baku, Pasaj-145, MedalyonPub və s. nümunə göstərmək olar.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Xatırladaq ki, layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi