2023-cü ilin əvvəlindən indeksasiya əsasında pensiya artımı artıq bütün pensiyaçılara şamil olunur. Hazırkı yeni indeksasiya artımı da həm ümumi əsaslarla pensiya təyin olunmuş, həm də qulluq stajına görə əlavə alan pensiyaçılar – pensiyaçı hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və başqaları daxil olmaqla 1,1 milyon pensiyaçını əhatə edir.
Azərbaycanda minimum əmək pensiyası 280 manat oldu - FƏRMAN
FED.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondu İdarə Heyətinin sədri Himalay Məmişov bu gün pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirilən mətbuat konfransında deyib.
H.Məmişov bildirib ki, ötən il pensiyaçılara ödənilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyalarının tərkibinə daxil edilib və maddi yardım daxil edilərək artırıldıqdan sonra yaranan pensiya məbləği bu dəfə 14,7 faiz indeksləşdirilərək artırılır.
Qeyd olunub ki, yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. İndeksasiya üzrə artım 2022-ci il üzrə orta inflyasiya dərəcəsini (13,9 faiz) üstələyir.
Yeni artımdan sonra pensiyaların orta aylıq məbləğinin 423 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 456 manata çatdığı bildirilib.
“Dövlətimizin başçısının yeni Sərəncamı ilə pensiyalar indeksləşdirilərək artırıldığı kimi, sığortaolunanların fərdi hesablarındakı pensiya kapitalları da istehlak qiymətləri indeksinin 2022-ci il üzrə illik səviyyəsinə uyğun olaraq, yəni, 13,9 faiz indeksləşdirilərək artırılır.
Hər iki istiqamətdə artımlar, yəni, həm pensiyaların, həm də fərdi hesablardakı pensiya kapitallarının artırılması elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir”, – deyə H.Məmişov qeyd edib.