Azərbaycanın İranla həmsərhəd bölgəsinin, xüsusilə Azərbaycanla İranı birləşdirən Xüdafərin körpüsünün erməni işğalından azad edilməsi iki ölkənin əlaqələrinin və ümumən regionun hərtərəfli inkişafına yeni təkan verəcək.
FED.az xəbər verir ki, bu fikri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi ilə keçirdiyi görüşdə vurğulayıb.
Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxındır işğalda saxladığını və ölkəmizə qarşı ardıcıl hərbi təxribatlar törətdiyini qeyd edən S.Babayev sentyabrın 27-dən başlanan növbəti erməni təxribatları barədə məlumat verib. Azərbaycanın hətta cəbhədən uzaq yaşayış məntəqələrinin, mülki əhalisinin erməni terroruna, raket atəşlərinə məruz qaldığını, nəticədə mülki insanların həlak olduğu və yaralandığını, mülki infrastruktura ciddi ziyan dəydiyini diqqətə çatdırıb.
Nazir bildirib ki, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları beynəlxalq hüquq və ədalətə söykənən haqq savaşıdır və ölkəmizin dünya birliyi tərəfindən tanınmış öz ərazilərində aparılır.
Silahlı Qüvvələrimizin əldə etdiyi uğurları diqqətə çatdıran S.Babayev vurğulayıb ki, hələ 2016-cı ilin fevralında Prezident İlham Əliyevin İrana səfəri çərçivəsində Azərbaycan və İran Hökumətləri arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının, su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. Xudafərin körpüsünün və ətraf ərazilərin işğaldan azad edilməsi bu Sazişin bölgənin su və enerji təchizatında müstəsna rol oynamasına imkan yaradacaq.
Görüşdə Azərbaycan və İran xalqları arasında tarixi, mədəni və dini bağlılıqların iki ölkə arasındakı əlaqələrin əsasını təşkil etdiyi, Azərbaycan və İran dövlət başçılarının görüşlərinin, qarşılıqlı rəsmi səfərlərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyi bildirilib. Azərbaycanda aparılan uğurlu sosial islahatlar, COVID-19 infeksiyasına qarşı mübarizə sahəsində aparılan işlər, pandemiya dövründə iqtisadi və sosial dəstək tədbirləri barədə səfirə məlumat verilib. İranın Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində qazanılmış təcrübə qeyd edilib.
S.A.Musəvi İranla Azərbaycanın dərin tarixi köklərə malik əlaqələrinin daim genişləndiyini bildirib, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyib. O, əmək, məşğulluq, sosial müdafə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.