Havaların soyuması mövsümi yeməklərə marağı artırıb. Qış mövsümünün ənənəvi yeməklərindən biri olan xaşa da maraq artıb. Bakı restoranlarında təqdim olunan xaş setlərinin qiymətləri bir-birindən fərqlidir.
Qarşıdan həftəsonu gəldiyni və oxucuların marağını nəzərə alaraq FED.az paytaxtda fəaliyyət göstərən restoranlarda xaş süfrəsinin qiymətlərini təqdim edir.
“Bürc Qala Restaurant”
Kiçik Qala 15 ünvanında yerləşən “Bürc Qala Restaurant”dan bildirdilər ki, xaşı gələn ayın əvvəlindən verməyə başlayacaqlar. Bununla bağlı sosial şəbəkə hesablarından məlumat veriləcək. Restoran şəhərin mərkəzində yerləşsə də qiymətlər münasib olacaq. Burada bir pay xaşın qiyməti də, xaş seti də müştərilərin büdcəsinə uyğun olacaq.
“Anadolu Restaurant”
A.Puşkin 5 ünvanında yerləşən “Anadolu Restaurant”da xaşın bir payının qiyməti 6,50, xaş setinin qiyməti isə 8,50 AZN-dir. Setə bir pay xaş, turşu, sirkə-sarımsaq, suxari, dənələnmiş nar, xolodes, acika daxildir. Bu restoranda iki nəfər 2 xaş seti sifariş edərsə, cəmi 17 manat hesab ödəməli olacaq.
“Tonqal”
Bakının Həsən Əliyev küçəsində yerləşən “Tonqal” restoranında isə qiymətlər bir qədər bahadır. Belə ki, burada xaşın bir payını 8 manata təklif edirlər. İki nəfər bu restoranda 2 pay xaş, sirkə-sarımsaq, turşu, suxari, salat və limonad kimi əlavələr sifariş verərsə 35-40 manat civarında hesab ödəyəcək.
“Qurman”
Azərbaycan prospektindəki “Qurman” restoranında xaşın bir payı 4 manata təklif olunur. İki nəfər bu restoranda 2 pay xaş, sirkə-sarımsaq və suxari ilə birlikdə turşu, salat, limonad sifariş edərsə 18 manat hesab ödəyəcək.
“Qazmaq”
Kiçik Qala 124 ünvanında fəaliyyət göstərən “Qazmaq” restoranında xaşın bir payının qiyməti 6 manatadır. Burada xaşın yanında əlavə sifariş kimi təqdim olunan turşu 5, nar şirəsi isə 7 manatadır. İki nəfər 2 pay xaş, sirkə-sarımsaq və suxari ilə birlikdə salat, turşu və limonad sifariş edərsə, təsminən 30 manat hesab ödəməlidir.
“Qaxac”
Kazımovski küçəsi 136 ünvanındakı “Qaxac” restoranında xaşın bir payının qiyməti 5 manatadır. İki nəfərlik xaş, sirkə-sarımsaq və suxari ilə bərabər, salat, turşu, limonad sifariş edilərsə hesab 20 manat olacaq.
“Quzu Təndir & Kabab”
Paytaxtın Şərifzadə küçəsində fəaliyyət göstərən “Quzu Təndir & Kabab” restoranında da xaş verilir. Burada xaş ilə bağlı sifarişlər həftənin 6-cı və bazaar günləri üçün qəbul olunur. Xaşın bir payının qiyməti 6 manat, xaş seti isə 12 manatdır. Setə qarışıq turşu, təzə salat nar şirəsi, dənələnmiş nar, sirkə-sarımsaq və suxari daxildir. Burada iki nəfər xaş yemək istəsə bir xaş seti, bir pay da sadə xaş sifariş etməklə cəmi 21 manat hesab ödəyəcək.
“Şır-Şır”
Əhməd Rəcəbli küçəsi 292 ünvanında yerləşən “Şır-Şır” restoranında xaşın bir payının qiyməti 6 manatdır. İki paylıq xaş, sirkə-sarımsaq və suxari ilə bərabər qarışıq turşu, təzə salat, nar şirəsi sifariş olunarsa hesab 25 manat olacaq.
Xaşlıq ayağın bazar qiyməti
Araşdırma zamanı öyrəndik ki, xaş üçün mal ayağının bazar qiyməti adi ət dükanlarında 5 manatadır. “Qoç ət” mağazasından isə bildirdilər ki, burada xaşlıq ayaq 5,50 manata satılır.
Xaş mövsümü başladı – RESTORANDAKI QİYMƏTLƏR
15:31
24 Noy 2017