Dövlət həm məşğul əhaliyə, yəni, muzdla işləyənlərə, həm də çalışmayan vətəndaşlara yardım göstərəcək.
FED.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Eləcə də bax: Azərbaycanda 300 min muzdlu işçiyə kompensasiya veriləcək - MƏBLƏĞ DƏQİQLƏŞDİ
Onun sözlərinə görə, Tədbirlər Planında iş yerlərinin, eləcə də sosial sabitliyin qorunması istiqamətində vəsaitlərin ayrılması nəzərdə tutulur:
"Birinci istiqamət pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsidir. Məqsəd iş yerlərinin sayının azaldılmaması və həmin sektorlarda, yəni, orta və iri sahibkarlıq subyektlərində çalışan vətəndaşların indiki halda işləməsələr və məzuniyyətdə olsalar belə, əməkhaqlarını ala bilmələridir. Bu, orta və iri sahibkarlıq subyektlərində çalışan vətəndaşları əhatə edəcək. Əgər hansısa bir vətəndaşın kiçik, orta və iri sahibkarlıq subyektində muzdlu işçi kimi əməkhaqqı müqaviləsi varsa, dövlət ona dəstək göstərəcək. Hazırda muzdla çalışanların sayı 300 min nəfərdir. Büdcədən bu istiqamətdə 215 milyon manat vəsait ayrılacaq. Bu, o deməkdir ki, muzdla çalışan hər bir vətəndaşa orta hesabla 716 manat vəsait ödəniləcək. Təbii ki, əməkhaqqı həcmindən asılı olaraq məbləğ dəyişə bilər".
"Mikro və fərdi sahibkar kimi VÖEN-lə işləyən vətəndaşlarımız da var. Həmin sahibkarlıq subyektlərinə də birbaşa yardımın verilməsi nəzərdə tutulub. Bu məqsədlə büdcədən 80 milyon manat vəsait ayrılacaq. Belə ki, VÖEN-lə işləyən hər bir vətəndaş üçün 267 manat vəsaitin ayrılması nəzərdə tutulur. Burada yenə də məbləğ VÖEN-lə və mikro sahibkar kimi fəaliyyət göstərən vətəndaşların əvvəlki dövrdə gəlirlərindən asılı olaraq dəyişə bilər. Əsas meyar ondan ibarətdir ki, mikro və fərdi sahibkar 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş olsun. VÖEN-lə çalışanlar 2019-cu ildə məcburi öhdəliklərini yerinə yetiribsə, vergi ödəyibsə və hesabatlar veribsə, həmin vətəndaşlar bu imkanlardan yararlana biləcək", - deyə V.Bayramov qeyd edib.
Deputat bildirib ki, eyni zamanda, aprel ayından vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub:
"Mikro sahibkarlar üçün sadələşmiş vergi üzrə müddətə güzəşt veriləcək. Bu, o deməkdir ki, VÖEN-lə işləyən sahibkarın illik dövriyyəsi 200 min manatdan çox deyilsə, o zaman sadələşmiş vergi subyektidir. Həmçinin əmlak və torpaq vergisindən müddətli azadolmalar tətbiq ediləcək. Vergi ödəyiciləri üçün mənfəət və ya gəlir vergisindən də güzəşt tətbiq olunacaq. Mikro sahibkarlıq subyektləri üzrə hesabatların verilməsi və verginin ödənilməsi müddəti uzadılıb. Burada xüsusən də pandemiyanın daha çox mənfi təsir göstərdiyi sahələr üzrə vergilərin ödənilməsi müddəti artırılıb. Ölkəyə ərzaq və tibbi ehtiyaclar üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli şəkildə azad edilməsi nəzərdə tutulub. Eyni zamanda, icarə haqqından tutulan vergilər üzrə güzəşt tətbiq olunacaq. Bu, icarə vergisinə güzəştin tətbiq edilməsi anlamına gəlir. Ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanması müəyyən müddətə təxirə salınacaq".
İpoteka və Kredit Zəmanət Fondunun formalaşdırıldığını deyən ekspert bildirib ki, daha çox sahibkarlıq subyektlərinə dövlət zəmanəti ilə kreditlərin verilməsi və eləcə də kredit faizlərinin subsidiyalaşdırılması nəzərdə tutulur:
"Subsidiyalaşdırma nəticə etibarilə faizin əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi deməkdir. Bu istiqamətdə 20 milyon manat vəsait ayrılacaq. Güzəştli ipoteka kreditlərinin həcmində artımlar olacaq, bu məqsədlə 90 milyon manat vəsait ayrılacaq. Vətəndaşlar güzəştli ipoteka kreditlərindən yararlanaraq mənzil problemlərini həll edəcəklər.İkinci istiqamət işləməyən vətəndaşlarla bağlıdır. Müvəqqəti məşğulluğun təmin edilməsi üçün koronavirusun mövcud olduğu dövrlərdə iki ay müddətinə 50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması nəzərdə tutulur. Bu məqsədlə büdcədən 30 milyon manat vəsait ayrılıb. Dövlət məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 200 min şəxsə yaşayış minimumu həcmində, yəni, 190 manat birdəfəlik ödənişin verilməsi nəzərdə tutulur. Bunun üçün dövlət tərəfindən 70 milyon manat ayrılacaq.
İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və proaktiv təyinat mexanizminin yaradılması üçün 20 milyon manat vəsait ayrılacaq. Xüsusi karantin dövründə bütün ailələrə ünvanlı sosial yardımın verilməsinin rejim bitənədək davam etdirilməsi və ünvanlı dövlət sosial yardımının təyinatının sadələşdirilməsi nəzərdə tutulur. Bu, 62 min insanı əhatə edəcək.
Eyni zamanda, sosial baxımdan həssas qrupa aid ailələrin üzvü olan tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Bu istiqamətdə 40 milyon manat ayrılacaq".
Deputat, həmçinin qeyd edib ki, aprel-may aylarında elektrik enerjisi ilə bağlı limitlər tətbiq olunacaq. Bu məqsədlə dövlət büdcəsindən 10 milyon manat vəsait ayrılacaq.