Fevralın 9-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Rəyasət Heyətindən bildiriblər ki, iclası açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə məlumat verərək, iclas iştirakçılarını sonuncu yazılı test imtahanının nəticələri barədə statistik məlumatlarla tanış edib, imtahanın nəticələrini mübahisələndirən bir sıra şəxslərin Dövlət İmtahan Mərkəzində keçirilmiş apellyasiyası barədə məlumat verib. 607 namizədin uğurla keçdiyi yazılı test mərhələsi Rəyasət Heyəti tərəfindən ümumən müsbət qiymətləndirilib.
Sonra sədr növbəti – şifahi imtahan mərhələsinin başlanma tarixi ilə bağlı təkliflə çıxış edib. Qərara alınıb ki, şifahi imtahan mərhələsinə mart ayının 1-dən etibarən başlanılsın.
Daha sonra bir sıra şəxslərin vəkilliyə qəbulu məsələsi, hüquq məsləhətxanasına təhkim olunmuş vəkilin fərdi qaydada fəaliyyət göstərməsi barədə müraciəti müzakirə olunub, bəzi vəkillərin mükafatlandırılması məsələsinə, habelə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb.