Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
FED.az xəbər verir ki, sənədə əsasən, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:
- 1-ci maddənin birinci hissəsi üzrə:
- üçüncü abzasa “hər iki valideyni” sözlərindən sonra “aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan” sözləri əlavə edilsin;
-. on doqquzuncu abzas iyirminci abzas hesab edilsin və həmin abzasa “qəyyumun (himayəçinin)” sözlərindən sonra “, himayədar valideynin (himayədar ailənin)” sözləri əlavə edilsin;
- aşağıdakı məzmunda on doqquzuncu abzas əlavə edilsin:
“himayədar valideyn (himayədar ailə) - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş qaydada tərbiyə olunması üçün himayəyə götürən yetkinlik yaşına çatmış, hər iki cinsdən olan, ən azı ümumi orta təhsilli, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, Azərbaycan Respublikasının vətəndaşı olan şəxs (ər-arvad);”.
- 3-cü maddə üzrə:
- dördüncü hissə aşağıdakı redaksiyada verilsin:
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün qəyyumlara (himayəçilərə) aylıq, himayədar valideynlərə (himayədar ailəyə) verilən aylıq və birdəfəlik müavinətlərin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”;
- aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar himayədar valideynlərə (himayədar ailəyə) verildikdən sonra da bu maddədə və bu Qanunun 5 – 8-ci maddələrində nəzərdə tutulmuş təminatlara olan hüquqlarını saxlayırlar.”.
- 7-ci maddənin dördüncü hissəsinə “qəyyumun (himayəçinin),” sözlərindən sonra “himayədar valideynin (himayədar ailənin),” sözləri əlavə edilsin.