Qanunvericilikdə "valideyn himayəsindən məhrum olmuş uşaq" adı altında vahid bir anlayışdan istifadə olunacaq.
Bu uşaqlara 2600 manat birdəfəlik müavinət veriləcək
FED.az xəbər verir ki, bununla bağlı müvafiq qanunlara dəyişiklik təklif edilir.
Layihə Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Mövcud qanunvericiliyə əsasən "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunda "valideynlərini itirmiş" və "valideyn himayəsindən məhrum olmuş" uşaq anlayışları fərqli kateqoriyalar kimi müəyyən edilib. Lakin Ailə Məcəlləsində, eləcə də "Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Prezidentinin 2022-ci il 15 fevral tarixli Fərmanında "valideyn himayəsindən məhrum olmuş uşaq" adı altında vahid bir anlayışdan istifadə olunur.
Bu xüsusda, təklif olunan dəyişikliklərə əsasən "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunda "valideynlərini itirmiş uşaqlar" anlayışı ismin müvafiq hallarında "valideyn himayəsindən məhrum olmuş uşaqlar" anlayışı kimi təsbit edilir.
Eyni zamanda layihədə digər normativ hüquqi aktlara yuxarıda qeyd olunmuş zərurətdən irəli gələn uyğunlaşma çərçivəsində müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.