Cins ilə bağlı irsi xəstəliklərin keçmə ehtimalı yüksək olduğu hallar istisna olmaqla, uşağın cinsinin təyininə görə müayinənin aparılması və cinsi mənsubiyyətə görə hamiləliyin süni pozulması (selektiv abort) qadağan olunur.
FED.az xəbər verir ki, bu, yeni hazırlanan “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinin 18-ci (Hamiləliyin süni pozulması) maddəsinə əsasən, hamiləliyin süni pozulması “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə həyata keçirilir. Cins ilə bağlı irsi xəstəliklərin keçmə ehtimalı yüksək olduğu hallarda hamiləliyin süni pozulması ixtisaslı həkim-mütəxəssislərdən ibarət konsiliumun qərarı ilə həyata keçirilir. Tibbi göstərişlərə əsasən, hamiləliyin 12 həftəliyindən sonra süni surətdə pozulması barədə qərar həkimlər konsiliumu tərəfindən qəbul edilir. Yetkinlik yaşına çatmayanlarda hamiləliyin süni pozulması onların arzusu ilə valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında həyata keçirilir.