Azərbaycanda həssas təbəqələrə verilən dövlət dəstəyi - ünvanlı sosial yardımın ayrılması proosesinə daha bir yenilik edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a verilən məlumata görə, iyul ayında dövlət başçısı tərəfindən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda dəyişiklik edilməsindən sonra, noyabrın 7-də Nazirlər Kabineti də “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişiklik edib.
Eləcə də bax: Azərbaycanda sosial yardım 1 il müddətinə - TƏYİN EDİLƏCƏK
Rahatca kredit götürmək olar – kredit nəzərə alınmayacaq
Yeni dəyişikliklərə əsasən, ünvanlı sosial yardım almaq hüququna baxılan zaman ailənin götürdüyü kredit gəlir kimi nəzərə alınmayacaq və yardım təyinatına mane olmayacaq.
Başqa sözlə, indiyədək ailənin kredit götürməyi onun yardım almasına mane olurdusa, bundan sonra həmin qayda ləğv edilib.
Kommunal xərclərin məbləği dəyişib
Həmçinin, sosial yardım üçün müraciət edən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumuna nisbəti bu vaxta qədər 10 faizdən çox olmamalı idisə, artıq bu nisbət 15 faizə çatdırılıb.
Bavşqa sözlə, əgər indiyədək ailədə adambaşına düşən kommunal və rabitə xərcləri 19 manat və daha artıq idisə, həmin ailəyə ünvanlı yardım təyin edilmirdi. İndi isə bu məbləğ adambaşına 27 manata qaldırılıb.
Dövlətə 5 gün deyil 15 gün ərəzində məlumat veriləcək
Sosial yardımla bağlı digər yumşalma - ailənin dövlət qurumuna məlumat verməsi ilə bağlıdır. İndiyədək olan qaydalara görə, sosial yardım almaq üçün müraciət edilən zaman ailənin sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməsi və sosial yardım təyin edildikdən sonra gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailənin bu barədə məlumat verməsi üçün müəyyən olunan müddət 5 gün idi. Yəni ailə bu müddət ərzində məlumat verməsəydi, bu fakt yardımın kəsilməsi ilə nəticələnə bilərdi.
İndi bu müddət 15 iş gününə qədər, yəni faktiki olaraq 20 günə qədər uzadılıb.
Üstəlik məlumatlarda ailə tərkibində deyil, ailənin yalnız gəlirlərində baş verən dəyişiklik nəzərə alınacaq.
Kağız arayışlar tələb olunmayacaq
Əsas yeniliklərdən biri də odur ki, ünvanlı sosial yardımla bağlı ailənin müraciətlərinə faktiki yaşayış yeri üzrə baxılması nəzərdə tutulur. Ailə tərkibində əmək qabiliyyətli olub güzəştli səbəbdən işləməyən şəxslərin sırası da dəqiqləşdirilməklə daha da genişləndirilib.
Maraqlı yeniliklərdən biri - ünvanlı yardım üçün sənədlər yalnız elektron qaydada qəbul ediləcək. Əvvəllər isə bunu kağız daşıyıcılarda da etmək mümkün olurdu. İndi elektron informasiya sistemi üzərindən alına bilən məlumatlar barədə əlavə arayışlar tələb olunmayacaq.
İşsiz olmaq kifayət deyil, sığorta pulu almalısan
Bununla yanaşı, yeni qaydalara görə, ünvanlı yardım almaq üçün tələblərdə maraqlı dəyişikliklər var. Məsələn, indiyədək ailənin yardım alması üçün onun əmək qabiliyyətli üzvü işlədiyi müəssisə və ya onun öz iş yeri ixtisar olunduğuna görə, işsiz kimi qeydiyyata alınmalı idi. İndi isə tələb olur ki, ailənin yardım alması üçün həmin şəxs «İşsizlikdən sığorta haqqında» qanuna əsasən, işsizlikdən sığorta ödənişi almalıdır.
Aztəminatlı ailələrdə video-foto çəkiliş olacaq
Qaydalarda digər yenilik – ünvanlı yardım almaq üçün ailənin vəziyyəti yoxlanılarkən bunun hansı formada edilməsidir. İndiyədək qüvvədə olan qaydalara görə, nazirliyin ünvanlı sosial yardım üzrə işçisi «Ailənin maddi-məişət şəraitinin müayinəsi»ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirirdi. Yeni qaydalara görə isə, bu prosesdə video, foto çəkilişi və səs yazısı da olacaq.
Yardımın müddəti azaldılıb – 1 illik olacaq
Ünvanlı yardım alanların xeyrinə olmayan əsas dəyişiklik – ünvanlı yardımın verilməsi müddəti 2 ildən 1 ilə endirilib. «Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 (iki) il müddətinə təyin olunur» cümləsində 2 rəqəmi 1 rəqəmi ilə əvəz edilib. Maraqlıdır ki, Nazirlər Kabinetinin qaydalardakı əsas dəyişikliklərlə bağlı izahatında bu mühüm yenilik ümumiyyətlə xatırlanmır.
2 ay pulu çıxarmasan yardım kəsiləcək
Qaydalara edilən bəzi dəyişikliklər ünvanlı yardımın kəsilməsi ilə bağlıdır. Belə ki, yeniliyə əsasən, sosial yardım alan ailə ardıcıl iki ay ərzində bu pulu kart hesabından çıxarmasa, yardım kəsiləcək. Əvvəlki qaydalarda bu müdhdət 3 ay idi. Yəni indi qayda daha da sərtləşdirilib.
Böyük lotereya uduşu tələbi aradan qalxdı
Bundan başqa, əvvəlki qaydalara görə, yardım alan ailənin üzvlərindən biri ailəni aylıq yardımı məbləğini 12 misli və ya daha artıq məbləğdə lotereya uduşu qazanırdısa, və ya ailəyə bu məbləğdə hədiyyə bağışlanırdısa, ailənin yardımı kəsilirdi. İndi bu tələb yığışdırılıb, əvəzində yeni qaydaya görə, ailə, gəlirlərinin dəyişməsi ilə bağlı istənilən məlumatı dövlətə 15 gün ərzində təqdim etməlidir. Əks halda yardım kəsiləcək.
Özünüməşğulluğa başlayanda yardım kəsiləcək
Sosial yardımın dayandırılması üçün digər tələb var – əgər aztəminatlı ailənin üzvü “Məşğulluq haqqında” Qanununa uyğun olaraq özünüməşğulluğa cəlb edilirsə, onunla müqavilə bağlanan kimi ailənin sosial yardımı kəsilir. Bu, hal ailənin həmin üzvünə əmlakın verilməsi barədə müqavilə qüvvədə olduğu müddətdə davam edəcək.
Həbsdən çıxanlar üçün yenilik
Sosial yardım alanlar üçün yaxşı yeniliklərdən biri odur ki, yardım veriləndə nəzərə alınmayacaq gəlirlərin siyahısına penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə birdəfəlik müavinət də daxil edilib.
Bu o deməkdir ki, əgər, əvvəllər məhkum olan şəxslərin aldığı müavinət gəlir kimi nəzərə alınır və sosial yardım almağa mane olurdusa, indi bu baş verməyəcək.