"2019-cu ilin 250 manat minimum əmək haqqının alıcılıq qabiliyyəti 2022-ci ilin 300 manatlıq minimum maaşından daha yüksəkdir".
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Zahid Oruc bildirib.
O vurğulayıb ki, minimum istehlak səbətinin dəyərinin 10-adək artırılması o deməkdir ki, onun strukturunun ən azı 70%-ni qida məhsullarından formalaşan bu normativdə qida inflyasiyasının səviyyəsi 15%-dən yüksək olduğu üçün əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb: “Yəni, siz ötən ilin noyabrında 100 manata aldığınız ərzağı indi 115 manata deyil, 125 manata alırsınız. O cümlədən, xidmətlər səbətində təkcə qaz, elektrik, su və kanalizasiya tarifləri hesabına 1 nəfər üçün minimum istehlak səbətinin aylıq dəyəri 14 manat artırıb. Nəhayət, bizim hazırki istehlak səbətimiz vətəndaşın mərkəzi istilik sisteminə çxışı normativinə söykənir, o zaman gəlin baxaq, yalnız əhalinin 10 faizinin belə mərkəzi sistemlərə çıxışı var. O zaman minimum istehlak səbətində müəyyənləşmiş kvota ilə bir ailəni 10 gündən artıq istiliklə təmin etmək mümkün deyil. Ona görə də Dünya Bankının ölkəmizi orta gəlirli ölkə kateqoriyasına aid etməsi halında bizim istehlak səbətinin 3-cü dünya ölkələri standartlarında saxlanması doğru deyil. Əgər qeyd olunan istiqamətdə dəyişikliklər aparılsa, əhalinin sosial təminatı yaxşılaşar”.
Deputat xatırladıb ki, 2022-ci ildə yarım kq-lıq çörəyin qiyməti 50 qəpikdən 65 qəpiyə çatdırıldı: “Müqayisə üçün deyək ki, çörək ən çox Macarsıtanda 65 faiz, ən az Norveçdə 8 faiz bahalaşıb. Əslində qiymətlər həm də su, elektrik enerjisi və yanacağın tariflərinin artırıldığı üçün yüksəlib. FAO təşkilatı dünyada qiymət artımının 2023-cü ildə də davam edəcəyini bildirir. Xatırladaq ki, dünyada ən çox çörək istehlak edən xaqlar sırasındayıq. Hər nəfər üçün çörək və çörək məhsulları istehlakının illik norması 119 kiloqramdır. Türkiyə üçün bu rəqəm 104 kq, Bolqarıstanda 95 kq və Yunanıstanda 89 kq təşkil edir. Nə qədər ki, ölkəmizdə müasir aqrotexnologiyalar tam olaraq tətbiq olunmayıb, qənaətli yanacaq texnologiyaları və məhsuldarlıq 50 sentnerə çatdırılmayıb, xaricdən asılılıq davam edəcək”.