Azərbaycanda traktor sürmək üçün sürücülük vəsiqəsi internetlə dəyişdiriləcək. FED.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına yeni elektron xidmətlər inteqrasiya olunub. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin aşağıda adları çəkilən 3 yeni elektron xidməti portala inteqrasiya edilib:
- Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu;
- Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu;
- Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından çıxarılması üçün müraciətin və sənədlərin qəbulu
Ağakişi Alıyevə müraciət etmək lazım gələcək
Qurumun təqdim etdiyi xidmətlərdən istifadə etmək üçün “Elektron hökumət” portalında qeydiyyatdan keçmək mütləqdir. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu adlı elektron xidmətdən istifadə etməklə Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi Ağakişi Alıyevə elektron müraciət etmək mümkündür.
Müraciət edən şəxs portalda qeydiyyatdan keçdiyindən onun haqqında olan məlumatlar anket üzərində avtomatik olaraq tamamlanır. İstifadəçi ərizənin məzmunu və sənədlərin növü üzrə digər məlumatları da sistem üzərindən tamamlayıb göndərməklə sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətini etmiş olacaq.
Qeyd edək ki, "Elektron hökumət” portalına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilən elektron xidmətlərin sayı 22-yə çatdırılıb.
Traktor sürücüləri üçün - YENİLİK VAR
15:07
10 Yan 2018