Ötən il iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozması, kəndləri atəşə tutması nəticəsində mülki infrastruktura xeyli ziyan dəyib.
Eləcə də bax: Əmlakına ziyan dəymiş mülki əhaliylə bağlı - SƏRƏNCAM
FED.az xəbər verir ki, döyüşlər zamanı rayonun Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndləri daha çox zərər görüb. Tovuz döyüşlərinin ildönümü, düşmən tərəfindən atəşə məruz qalan kəndlərdə görülən bərpa işləri ilə bağlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə media-tur təşkil edilib. Əvvəlcə media nümayəndələri döyüşlər vaxtı daha çox zərər görən Ağdam kəndində olublar. Media nümayəndələri kəndin girişindəki şəhidlər abidəsini ziyarət edib. İcra Hakimiyyətinin nümayəndəsi Fərman Qurbanov şəhidlər haqqında media təmsilçilərinə məlumat verib. Daha sonra Ağdam kəndində şəhid olan Elşad Məmmədovun ailəsinə baş çəkilib.
Elşad Məmmədovun atası Dönməz Məmmədov oğlu haqqında xatirələrini danışıb, övladı ilə fəxr etdiyini deyib: “Mənim oğlum keçən il bu vaxt şəhid oldu. İyulun 13-də dəfn olundu. Sağ olsun hörmətli Prezidentimizin diqqət, qayğısını hər dəqiqə hiss etdik. Prezident İlham Əliyevin tapşırığına əsasən mənim nəvələrimə ev tikildi”.
Şəhidin anası Nuriyyə Məmmədova deyib ki, Elşad şəhid olanda 6 aylıq körpəsi var idi. Şəhidlik zirvəsinə ucalandan sonra onun bir övladı da dünyaya gəlib: “Elşad vətənə çox bağlı idi. Həmişə arzusu torpaqlarımızı düşməndən azad etmək idi. Elşad 12 iyulda şəhid oldu. Oğlum döyüşdə çox cəsurluq göstərib. Mən Elşadla fəxr edirəm.”
Tovuz döyüşlərində Ağdam kəndinin infrastrukturuna ciddi ziyan dəyib. Belə ki, kəndin elektrik, qaz xətləri yararsız hala düşüb. Ölkə rəhbərinin tapşırığına əsasən, kənddə yeni elektrik yarımstansiyası tikilərək əhalinin istifadəsinə verilib. Bundan başqa, qaz təsərrüfatı və kommunikasiya xətləri yenilənib. Yeni evlər tikilərək əhaliyə təhvil verilib.
İyulun 14-də düşmənin kəndi ağır artilleriyadan atəşə tutması nəticəsində kənd sakini Əziz Əzizovun evinə mərmi düşüb. Bu zaman ev sahibi həlak olub. Həmin vaxtı Əziz Əzizovun evi tamamilə dağılıb.
Şəhid Əziz Əzizovun qızı Münəvvər Məsimova deyir ki, döyüşlər gedəndə atası evdən çıxmayıb: “Amma bizi babamgilə göndərdi. Ermənilərin atdığı mərmi evimizə düşdü atam şəhid oldu. Evimiz uçdu. Yeni evimiz dövlətimiz tərəfindən tikilib”.
Şəhid Əziz Əzizovun adını daşıyan nəvəsi Əziz babasının qanının yerdə qalmadığını deyir: “Mən şəhid babamın adını daşıyıram. Ayın 12-də döyüşlər başlayanda anamla mən kənddən çıxdıq, amma babam burda qaldı. Babam dedi ki, mənfur düşməndən qorxmur. Onlar kəndə atırdılar. Atılan mərmilərdən biri də evimizə düşdü, babam şəhid oldu. Torpaqlarımız alındı, babamın qanı yerdə qalmadı”.
Döyüşlər zamanı rayonun sərhəddən xeyli uzaqda yerləşən Dondar Quşçu kəndi də düşmən təxribatı ilə üzləşib. Düşmənin atdığı mərmilər Dondar Quşçu kəndinə də düşüb, bir neçə ev dağılıb.
Dondar Quşçu kənd sakini Tilarə Əliyeva bir il əvvəl olanları belə xatırlayır: “Həmin vaxt Allah saxladı bizi. İyulun 12-dən atmağa başladılar. Atılan mərmilər kəndə düşürdü. Mənim halım pisləşdi. Oğluma dedim ki, məni həkimə çatdır. Evdən çıxdıq. Bir az keçmişdi dedilər bizim evə mərmi düşüb. Həkimdən qayıdanda gördüm ki, evimiz təmiz dağılıb. Sağ olsunlar, bizə yeni ev tikdilər. Yeni evimizin bütün şəraiti var”.
Qeyd edək ki, Tovuz döyüşləri zamanı kəndlərdə zərər görən 61 evdə təmir-bərpa işləri aparılıb. Mal-qarası tələf olan ailələrə iri və xırdabuynuzlu heyvanlar verilib, elektrik təsərrüfatları yenilənib. 6 kənddə 12 ev yenidən tikilib və bu günlərdə açarları sahiblərinə təqdim edilib.(Apa)