Azərbaycanda televiziya reytinqlərinin necə ölçüldüyü açıqlanıb.
Milli Televiziya və Radio Şurasından FED.az-a verilən məlumata görə, ölkədə TV reytinqlərin ölçülməsini həyata keçirən beynəlxalq AGB Nielson şirkətinin nümayəndəliyi fəaliyyət göstərir.
Eləcə də bax: Azərbaycanda daha çox baxılan televiziya kanallarının adları - AÇIQLANIB
Auditoriyanın ölçülməsi, əsasən, kabel televiziyasına abunəliyi olan 180 ailədə televiziyaya baxış fəaliyyətinin monitorinqi əsasında aparılır. Bu göstərici eyni əhali sayı olan ölkələr üçün tətbiq olunan məcburi minimum (400-500 ailə) göstəricidən xeyli aşağı olduğundan Azərbaycanda ölçmələrin keyfiyyətinə mənfi təsir edir.
Qeyd olunmalıdır ki, beynəlxalq audit şirkətlərinin tövsiyələrinə əsasən, Azərbaycan qədər əhalisi olan ölkələrdə keyfiyyətli teleölçmələr aparmaq üçün 800-1000 ailəni əhatə edən ölçmə paneli tələb olunur.
«Buna baxmayaraq, hazırda ölçmələr aparılan ailə sayından uzunmüddətli müşahidələr əsasında alınan məlumatlarla da televiziyaya baxış haqqında ümumi qiymətləndirmə aparmaq olar. Belə ki, 2019-cu ildə səhər 7-dən gecə yarısına kimi olan müddətdə televiziyaya baxış 3 saat 46 dəqiqə olmuşdur ki, bu da, dünyada olan televiziyaya baxış rəqəmləri ilə eynilik təşkil edir» - deyə Şuradan bildirilir.