Azərbaycanda koronavirusun ölkə biznesinə təsirin azaltmaq üçün hökumətin tədbirləri məlum olub.
FED.az xəbər verir ki, bu tədbirlərə əsasən, böhranın ən çox zərər vurduğu sahələrdə sahibkarların və şirkətlərin işçilərinin əmək haqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödəniləcək. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib: “Biz bu gün 9 proqram ortaya qoymuşuq. Təbii olaraq ilk növbədə zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi işini ön plana çəkmişik. Bu, 4 böyük sektoru və 20 fəaliyyət sahəsini əhatə edir”.
Nazir bildirib ki, «Proqramın çərçivəsi ondan ibarətdir ki, biz işçinin real maaşını və ya ölkə üzrə orta aylıq əmək haqqını götürürük, yanvarın nəticələrinə görə bu məbləğ 712 manat olmuşdur. Və aylıq maaşın 50%-lik hissəsinin birbaşa olaraq maliyyə formasında sahibkarlara və müəssisələrə ayrılması təklif edilir».
Nazir bildirib ki, indiyədək aparılan araşdırmalar nəticəsində koronavirus problemindən (1) zərər çəkən əsas sahələr müəyyən edilib. Eləcə də, pandemiyanın (2) mənfi təsiri olan və (3) minimal və ya təsiri olmayan sahələr də müəyyən olunub. Dövlətin dəstəyinin birinci poqramı 304 min muzdlu işçini və 44 min sahibkarı əhatə edir.