SOCAR güclü küləklə əlaqədar təhlükəsizlik tədbirləri görüb.
FED.az xəbər verir ki, bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Azərtac-a açıqlamasında deyib.
O bildirib ki, yanvarın 9-da günün ikinci yarısından etibarən dənizdə güclü küləyin olacağı gözlənilir. SOCAR Xəzər dənizində hava şəraitinin əsasən şiddətli olduğunu, tez-tez kəskinləşdiyini nəzərə alaraq hava proqnozlarını daim diqqətlə izləyir. Hər zaman havanın kəskinləşməsi ilə bağlı xəbərdarlıqlar daxil olduqda bir qayda olaraq qabaqlayıcı tədbirlər görülür.
SOCAR rəsmisi qeyd edib ki, bu dəfə də hava proqnozuna əsasən istehsalat sahələrində bütün təhlükəsizlik tədbirləri gücləndirilib. Təhlükə yarada bilən işlərin dayandırılması tapşırılıb, yanğına və partlayışa həssas olan yanacaq, sürtük yağları və digər materialların saxlanılmasının təhlükəsizliyi təmin olunub. Həmçinin dəniz özüllərində, estakada yəni meydançalarda zəruri olmayan işçilər çıxarılıb və məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.