Avqustun 25-də Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu, “Alliance Assist Group”, “Media Balans”, “Winter Park Hotel Baku”nun birgə tərəfdaşlığı və ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “SMM2018 Business Breakfast” layihəsinin açılış mərasimi olub.
FED.az xəbər verir ki, açılış mərasimində layihə rəhbəri Ləman Əhmədova layihənin önəmindən danışıb. Bildirib ki, artıq üçüncü dəfədir keçirilən layihənin əsas məqsədi sosial media marketinq sahəsi üzrə kadrların hazırlanmasıdır. 2016-cı ildə layihəyə başlayanda əmək bazarında bu sahədə kadr çatışmazlığı var idi. Ötən illər ərzində layihə demək olar ki, öz məqsədinə nail olub. Bu günə kimi layihədə 110 nəfər iştirak edib. Onların 85 faizi artıq işlə təmin olunub. Digərləri tələbə olduğu üçün yalnız frilanser kimi fəaliyyət göstərirlər.
ASAN Xidmətin insan resursları və təlim şöbəsinin müdiri Orxan Dəmirli bildirib ki, ASAN-ın yaradıldığı 2012-ci ildən bəri təxminən 24 milyona yaxın müraciət qeydə alınıb və öz həllini tapıb.
İki ay davam edəcək builki layihənin 60 iştirakçısı var. Layihə çərçivəsində bu sahədə mütəxəssislərin hazırlanması, iştirakçılara həm nəzəri, həm də praktiki sahədə geniş bilik və təcrübəyə malik şəxslər tərəfindən mühazirələrin oxunması, komanda quruculuğunun formalaşdırılması, bu sahədə digər zəruri keyfiyyətlərin aşılanması nəzərdə tutulur.