Bir neçə gün sonra 2019-cu ili də geridə qoyub 2020-ci ili qarşılayacağıq. Hər il olduğu kimi, bu il də dekabr ayı başlayandan şəhərdə bayram ab-havası hiss olunur. “Neftçilər”, “Gənclik”, “İnşaatçılar”, “Nəriman Nərimanov”, “Azadlıq”, “28 May” və “Xətai” metrostansiyalarının çıxışlarında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bayram çadırları qurulub.
Eləcə də bax: Azərbaycan marketlərində - YENİ İL SƏBƏTİNİN QİYMƏTİ-SİYAHI, MÜQAYİSƏ
Bayram yarmarkalarında əsasən, 2020-ci ilin simvolu olan siçan aksessuarları, Yeni il yolkaları, bir-birindən maraqlı yolka bəzəkləri, zərlər, ulduzlar satışa çıxarılıb.
Bəs görəsən, paytaxtı bürüyən bayram ab-havası vətəndaşları qane edirmi? Hər kəs öz evində kiçik də olsa, Yeni il yolkası qura bilirmi? Bir yolkanın bəzədilməsi üçün nə qədər vəsait lazımdır?
FED.az Oxu.az-a istinadən bayram yarmarkalarındakı qiymətlər barədə yazını təqdim edir.
Bakıda Yeni il yarmarkalarında satılan bütün məhsular iri supermarketlərdə də satılır. Tək xüsusiyyət odur ki, qiymətlər arasında təxminən 1-2 manat fərq olacaq.
Bayram çadırlarında diqqəti çəkən hündür şam ağaclarıdır. Satıcıdan qiymətləri soruşanda bəlli oldu ki, bu “yolka”ların ən kiçiyinin qiyməti beş, ən böyüyünün qiyməti isə 300 manatdır. Beş manata təklif edilən yolkanın hündürlüyü təxminən 50 sm-ə yaxın olar. Hündürlüyü 120 sm olan yolkanın qiyməti 30-35 manat, 150 sm olanın qiyməti 60 manat, 180 sm hündürlükdə olan yolka 120 manat, 250 sm olan yolkanın qiyməti isə 300 manatdır.
Yeni ilin siması olan kiçik şaxta baba və qar qız kuklalarının qiymətləri 25 manatdan başlayır. Hündürlüyünə görə qiymətləri dəyişən şaxta baba və qar qız oyuncaqlarının 50 sm hündürlükdə olanı 30-35 manat, nisbətən böyükləri isə 50-70 manat arasında dəyişir.
Materialından asılı olaraq Şaxta baba geyimlərini isə 15 manata tapmaq olar.
Yolka üçün zərlər, bəzək əşyaları, işıqların qiymətlərində ötən illə müqayisədə çox fərq hiss olunmur. Zərlər qalınlığına və uzunluğuna görə fərqləndirilir. Sadə zərlər 70 qəpikdən bir manata qədər, nisbətən qalın və uzun zərlərin qiymətləri isə 2-15 manat arasında dəyişir.
Tək Şaxta baba papaqlarının qiyməti 2-3 manata, üzərində “Yeni il” yazısı olan rəngbərəng zərli papaqlar beş manata, Yeni il zınqırovu iki manata, yolka ulduzu üç manata, divar və pəncərələrə vurulan yapışqanlı yeni il bəzəkləri 3-5 manata, qapıya asılan çələnglər on beş manata, Şaxta baba, Qar qız, siçan formasında olan kiçik bəzəkli suvenirlər 6-15 manata, müxtəlif cizgi qəhrəmanalarının maskaları 2-6 manata, kiçik musiqili pulqabıları isə səkkiz manata satılır.
Rəngli işıqların ən ucuzunun qiyməti beş manatdan iyirmi beş manata qədərdir. Yumşaq oyuncaqların ən ucuzunun qiyməti 2 manat 50 qəpik, ən bahalısı isə 20 manatdan 45 manata qədər dəyişir. Şarların bir ədədinin qiyməti isə 10 qəpikdən başlayır.
Misal üçün, orta ölçülü bir yolkanın bəzədilməsi üçün 50-60 manat arasında xərc çəkmək kifayət edir. Satıcılar deyir ki, bəzən yolkanı alan müştəri yolkanın evində bəzədilməsini xahiş edir. Bunun üçün də əlavə ödəniş edirlər.
(300 manat qiyməti olan yolka)
Yeri gəlmişkən, baxmayaraq ki pirotexniki vasitələrin satışı qadağan edilib, bir neçə yarmarkada gözümüzə sataşmadı desək, yalan olar.
Satıcılar deyir ki, yarmarkalara üz tutan insanlar çoxdur. Ən çox satılan məhsullar isə suvenirlər və qar dənəciyi şəkilli yolka işıqlarıdır.
Müşahidə etdik ki, mağazalarda bəzi bəzək əşyalarının, yolkaların qiyməti yarmarkalardan daha ucuzdur.
Qeyd edək ki, hər il bayram ərəfəsində təşkil edilən yarmarkaların əsas məqsədi küçələrdə pərakəndə satışın qarşını almaqla yanaşı, insanların bayram alış-verişlərini daha münasib qiymətlərlə etməsinə kömək etməkdir.